KTMT-nın birgə qoşunlarının Azərbaycan -Ermənistan sərhəddində yerləşməsi qərarı hələlik həllini tapmayıb.
Bunu hafta.az-a politoloq Natiq Miri bildirib.
Onun sözlərinə görə, KTMT baş katibinin Ermənistana səfərinin qayəsindən birini də bu mövzu təşkil edir.
“Ermənistan baş nazirinin KTMT-nın və yaxud da Rusiya qoşunlarının Azərbaycan-Ermənistan sərhəddində durması ilə bağlı konkret müraciəti var. Ona görə də hesab edirəm ki, bu məsələ məlum səfər çərçivəsində müzakirə predmetinə çevriləcək. Çünki KTMT üzvü olan ölkələrin ərazisində gərgin müstəvidə olan ərazilərdən biri Orta Asiyada, bilavasitə Əfqanıstandaki terror təşkilatı olan Talibanın son proseslərdəki hərəkəti ilə bağlıdırsa, digər məsələ KTMT üzvü olan Ermənistanın Azərbaycan sərhədlərini atəşlə pozması ilə bağlıdır.
KTMT baş katibinin Ermənistan səfərində müzakirə predmetini məhz Ermənistan-Azərbaycan sərhəddində KTMT qoşunlarının yerləşməsi məsələsi məşğul edəcək. Son zamanlar KTMT üzvü olan ölkələr içərisində bu təşkilatı ən çox ictimai rəyində aşağılayan ölkə məhz Ermənistandır. Bu mənada KTMT baş katibinin Ermənistana səfəri anlaşılandır”.
Politoloq hesab edir ki, əgər KTMT qoşunları və yaxud da Rusiyanın sərhəd qoşunları Ermənistanla sərhəddə duracaqsa, bu Azərbaycanın müdaxilə edəcəyi məsələ deyil. Onun sözlərinə görə, bu, Ermənistanla anlaşma şəraitində mümkün ola bilər.
“Ancaq KTMT və yaxud Rusiya sərhəd qoşunları Azərbaycanla sərhəddə duracaqsa, bu təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycanın maraqlarına uyğun deyil. Çünki KTMT deyiləndə, Rusiya anlaşılır. Rusiya da imperiyapərəst bir ölkədir. Hər zaman aqresiya, işğalçı siyasət yürütdüyü və qonşu dövlətlərlə əsasən güc dili ilə danışdığı üçün bu Azərbaycan üçün arzuolunan məsələ deyil. Azərbaycan şimal istiqamətindən işğalçı Rusiya ilə sərhəddir. Süni surətdə Azərbaycanın qərb istiqamətində bütün sərhəd boyunca işğalçı Rusiya qoşunlarının durmasını düşünəndə əlbəttə ki, təhlükəsizlik baxımından Azərbaycanın maraqlarına uyğun məsələ deyil. Çünki hər zaman belə bir vəziyyət yarandığı təqdirdə Ermənistan Azərbaycanla rus qoşunları arasında hərbi təxribat yaratmaqla süni gərginlik yarada və iki ölkə arasında toqquşmalara gətirib çıxarda bilər”.
Politoloq hesab edir ki, KTMT qoşunlarının sərhəddə yerləşməsi sərhədlərin doğru-dürüst müəyyənləşməsinə problem yarada bilər. Onun fikrincə, əgər bu gün Rusiya sərhəd qoşunları Ermənistanın daxilində olan Azərbaycanın anklav ərazilərinə - Qazağın bir neçə kəndi və Ermənistanın içərilərinə doğru yerləşən anklav ərazilərin Azərbaycana qaytarılması məqsədi ilə yerləşibsə bu müəyyən mənada Azərbaycanın siyasətinə uyğun davranış hesab oluna bilər. Ancaq burda Rusiyanın alt niyyətləri, geosiyasi maraqları varsa, bu Azərbaycan dövlətinin maraqlarına uyğun davranış deyil. Bu sərhədlərin müəyyənləşməsi prosesinə müəyyən əngəllər törədə bilər.
Poitoloq bildirib ki, bu qoşunların sərhəddə yerləşməsi bir halda qəbul oluna bilər ki, Azərbaycanın işalda olan əraziləri - xüsusilə Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi və anklav əraziləri Azərbaycana qaytarılsın.