Rusiya hərbçiləri yenidən Qarabağda təlimlər keçiriblər. Təlimlərdə immitasiya edərək, minaatanlardan istifadə etməklə 50 hədəfi məhv ediblər.
Minaatanlardan istifadə edərək sülhməramlıların qarşıdakı hədəfləri məhv etməsi nə dərəcədə sülhməramlıların missİyasına daxildir?.
Bu vəziyyəti hafta.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, döyüş qabiliyyətlərini unutmamaq baxımından hardasa belə hərbi təlimlərin keçirilməsini qəbul etmək olar. Amma rus sülhməramlılarının bu addımı qəbuledilməzdir.
“Son vaxtlar Rusiya sülhməramlıları ilə bağlı çox narahatlıq dolu xəbərlər gəlir. Artıq Azərbaycan tərəfi məsələ ilə bağlı qarşı tərəfə öz qəti mövqeyini çatdırmalıdır”.
Ü.Cəfərov bildirib ki, son günlər Ermənistandan Qarabağa hərbçilər daşınır, mülki əhali gətirilir. Bu bir hərbçi kimi məni çox narahat edən məsələlərdir.
“Dünəndən başlayaraq sosial şəbəkələr üzərindən Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun ünvanına tənqidi mesajlarımı ünvanlamışam. Görünür rus sülhməramlıları çox ağıllanıblar, ermənilərin hərəkətlərinə göz yumurlar. Əlbəttə ki, bu prosesdə Rüstəm Muradov heç bir səlahiyyəti olmayan bir şəxsdir. Ona Rostov ermənillərindən və Moskvadan göstərişlər gəlir. Bütün göstərişlər də Kremldən idarə olunur. Maraqlı qüvvələr var ki, gərginliyin davam etməsində maraqlıdır. Çox məsələlərdə rus sülhməramlıları özlərini çox tərbiyəsiz aparırlar. Rus sülhməramlıları arasında sərxoşluq, əyyaşlıq halları var. Rus sülhməramlıları birbaşa funksional vəzifələrindən başqa bütün işlərlə məşğul olurlar. 10 noyabr bəyannaməsinin 4-cü bəndində rus sülhməramlıların nə iş görməsi göstərilib. Azərbaycan vətəndaşı olaraq rus sülhməramlılarının özlərini aparmalarına qarşı nifrətimi bildirirəm”.
Hərbi ekspert hesab edir ki, ruslar hərbi təlimlər zamanı bir növ özlərini göstərirlər.
“Onlar “biz istənilən an hədəfi nişan alıb vura bilərik” deyirlər. Rus sülhməramlılarının həyasızlığı qəbuledilməzdir. Rus sülhməramlıları təlimlər keçirmək istəyirlərsə gedib Gümrüdə də bunu edə bilərlər. Məqsəd orda qarışıqlıq yaratmaqdır. Mən narahatam ki, rusun göz yumduğu revanşist qüvvələr bir gün silahı çox şeylərdən xəbərsiz olan bizim əsgər və zabitlərinmizə tərəf yönəldə blərlər”.