Əgər sülh sazişi yoxdursa, istənilən halda atəşkəs rejiminin pozulmasını gözləməliyik. Bu fikirləri hafta.az-a politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, atəşkəs rejiminin pozulmasında erməniləri təşviq edən məsələlərdən biri də onların cəzasızlıq vəziyyətidir.
Ekspert bildirir ki, sülhməramlılar öz çətirləri altında atəşkəsin pozulması üçün ermənilərə şərait yaradırlar. “Azərbaycan Prezidentinin Ermənistana verdiyi son net mesaj ondan ibarət idi ki, erməni silahlı qüvvələr ya ərazilərimizdən çıxarılmalı, ya da özümüz bunu təmin etməliyik. Bunun qarşılığında Ermənistan tərəfi Qarabağa ezam olunmuş hərbçilərini çıxaracağı barədə bəyanat verdi. Bu o deməkdir ki, ermənilər silahlı birləşmələrini ərazilərimizdə saxlamağı düşünürlər. Bununla da ermənilər siyasi krizi dalana dirədilər”.
E.Şahinoğlu bildirir ki, əgər Ermənistan tərəfi belə bəyanat verməsəydi, bir fikir yarana bilərdi ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni birləşmələrin çıxarılmasını təmin edəcəklər. Amma verilən bəyanata görə onlar buradan çıxmaq fikrində deyillər.
“Siyasi böhran dalana dirənibsə, deməli, dövriyyəyə hərbçilər daxil olublar. Erməni silahlıları bir qədər də aqressivlik göstərirlər. Xüsusən də sülhməramlıların nəzarətində atəşkəsin pozulması, bu bölgədə əsgərimizin şəhid olması Azərbaycan siyasi-hərbi rəhbərliyi tərəfindən qəbul ediləcək durum deyil. Yəni bunun qarşılığında erməni mövqeləri darmadağın edilməklə bərabər, onlar tərəfindən veriləcək itkiləri biz gözləməliyik. Bu, çox ciddi bir vəziyyətdir. Hər an Silahlı Qüvvələrimiz antiterror əməliyyatına başlaya bilər. Qarabağda şəhid veririk. Azərbaycan Silahlı Qüvvələri hansı addımları atsalar məqbuldur. Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmir. Rusiya hərbi rəhbərliyi onları dəstəkləyir. Qeyri-qanuni birləşmələri təşviq edir, ermənilərin bölgədən çıxarılmasına dair mesaj vermirlər. Rusiya hərbi-siyasi hakimiyyəti Qarabağdakı qeyri-qanuni qurumu dəstəkləyir. Onlar üçtərəfli sazişə əməl etmirsə, Azərbaycan nəyə görə öhdəlikləri yerinə yetirməlidir?”.