Rusiya Ukraynanın dəmir yolu xətlərinə hücumlarını gücləndirib. Ukraynanın milli dəmir yolu operatoru Ukrzaliznytsia-nın (UZ) məlumatına görə, sentyabrda avqust ayı ilə müqayisədə Rusiyanın dəmir yolu xətlərinə hücumları iki dəfə artıb. Bu hücumlar təkcə qatarları deyil, həm də dəmiryollarını dəstəkləyən infrastrukturu hədəf alır.
Hafta.az-ın yazdığına görə, dəmir yollarına nəzarət edən İcma və Regional İnkişaf nazirinin müavini Aleksey Balesta, müharibə başlayandan bəri dəmiryollarına edilən hücumların yarısının son iki ayda baş verdiyini vurğulayır: “Son iki ayda Ukrzaliznitsia infrastrukturuna və elektrik ötürücü obyektlərinə hücumlar demək olar ki, hər gün baş verir".
Balesta iddia edir ki, Rusiya həm yük, həm də sərnişin qatarlarını hədəf alır. Rusiya hərbçiləri oktyabrın 4-də Ukraynanın Sumı vilayətinin Şotska şəhərində dəmiryol vağzalına hücum edib, nəticədə 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Bununla belə, Kreml müharibə başlayandan bəri mülki əhalinin hədəfə alınmadığını iddia edir. BBC-nin təhlili qeyd edir ki, Rusiya İran istehsalı olan “Şahid” pilotsuz uçan aparatlarına bənzər ucuz qiymətə pilotsuz uçuş aparatlarının (PUA) istehsalını sürətləndirir. Bu pilotsuz təyyarələrin hücumlarının Ukraynanın təchizat xətlərini pozmaq məqsədi daşıdığı şərh edilir.
UZ-nun direktoru Aleksandr Petrovski Moskvanın “dəmir yolu müharibəsi”nə başladığını iddia edərək deyir: “Aydındır ki, onlar dəmiryolları üstündə müharibəyə başlayıblar. Düşmən bizi tamamilə bağlamağa çalışır. Bu, mülki əhali arasında panika yaratmaq, iqtisadiyyatımızı məhv etmək və ölkəni yaşayış üçün yararsız etmək üçün istifadə edilən müharibə taktikasının bir hissəsidir”.
Bu arada iki ölkə son vaxtlar enerji infrastrukturuna hücumlarını gücləndirib. Ötən həftə Rusiyanın hücumları Ukraynanın doqquz bölgəsində 600 min ailənin elektrik, su və təbii qaz təchizatını kəsdi. Kiyev Rusiyanın müxtəlif bölgələrindəki neft obyektlərinə və neft emalı zavodlarına da hücumlar edib.
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinə son qoymaq üçün vasitəçilik səyləri hələ də nəticə verməyib. Vaşinqtonun Ukraynaya göndərməyi düşündüyü Tomaqavk raketləri ilə bağlı da qeyri-müəyyənlik davam edir. ABŞ-ın müdafiə naziri Pet Hegset dünən bəyan edib ki, ABŞ-dan silah alan Avropa ölkələri Ukraynaya daha çox silah və sursat verəcək, lakin buna Amerika istehsalı olan Tomaqavk raketlərinin daxil olub-olmayacağı bəlli deyil.
Ukrayna prezidenti Vladimir Zelenski ilə Trampın sabah Vaşinqtonda görüşü planlaşdırılır. Zelenski "Patriot" hava hücumundan müdafiə sistemləri və "Tomahawk" qanadlı raketlərini müzakirə edəcəklərini bildirib.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevə Tomaqavk-ların verilməsinin gərginliyi artıracağı ilə bağlı xəbərdarlıq edib.