Rusiyanın Şimali Koreyadakı səfiri ölüb

15:25 09.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyi on ildən çoxdur Şimali Koreyada səfir çalışan Aleksandr Matseqoranın qəfil vəfat etdiyini açıqlayıb.

Hafta.az yazır ki, nazirlik Koreya dilində mükəmməl danışan 70 yaşlı Aleksandr Matseqoranın vəfatı ilə bağlı verdiyi açıqlamada "dərin kədərini" ifadə edib. Nazirlik ölüm səbəbi barədə ətraflı məlumat verməyib.

Bildirilib ki, Matseqoranın karyerası 1970-ci illərin sonlarında başlayandan bəri Şimali Koreya ilə Sovet İttifaqı, daha sonra isə Rusiya arasında iqtisadi və diplomatik əməkdaşlığı gücləndirmək üçün çalışıb. "Onun müdrik və dərin düşüncəli rəhbərliyi altında Koreya məsələləri üzrə bir çox nəsil diplomatlar və mütəxəssislər yetişib", - deyə məlumatda bildirilir. Matseqora 2014-cü ildən bəri Rusiyanın Pxenyandakı səfiri vəzifəsində çalışıb və Rusiya Xarici İşlər Nazirliyi onun iki ölkə arasında "hazırda misli görünməmiş səviyyədə münasibətlər"ə gətirib çıxaran "illərlə davam edən yorulmaz işin" arxasında duran "hərəkətverici qüvvə" olduğunu vurğulayıb.

İki ölkə hazırda sürətli diplomatik, hərbi və iqtisadi yaxınlaşma yaşayır.

Şimali Koreyanın rəsmi xəbər agentliyinin bu səhər verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In diplomatın "qəfil ölümü" ilə bağlı Prezident Vladimir Putinə "ürəkdən başsağlığı" verib. Eyni mənbəyə görə, Kim hadisəni, xüsusən də ikitərəfli münasibətlərin "həlledici tarixi mərhələyə" qədəm qoyduğu bir vaxtda "faciəvi hadisə və böyük itki" kimi təsvir edib.