Silahlı mübarizədə son nöqtəni Azərbaycan ordusu qoyacaq - RUSİYALI POLKOVNİKDƏN ETİRAF

19:22 16.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Görünən odur ki, erməni tərəfi keçən ilki 44 günlük müharibə nəticəsində aldığı ağır məğlubiyyətlə barışmaqda çətinlik çəkir. Ermənistanda qisasçı əhval ruhiyyə çox güclüdür. Sərhəddəki gərginliklər də bununla bağlıdır.

Hafta.az xəbər verir ki, bu fikirlər rusiyalı hərbi ekspert Mixail Xodarenoka məxsusdur.

Onun sözlərinə görə, hər cür bəyanat vermək mümkündür. Əsas məsələ odur ki, bu bəyanatı reallaşdırmaq imkanın varmı:

"İrəvanın timsalında nümunə göstərsək, bu cür cəsur bəyanatları iqtisadi və hərbi potensialınla dəstəkləyə bilirsənmi? 44 günlük müharibədə Azərbaycan məsələni hərbi yolla həll etmək imkanlarının olduğunu nümayiş etdirdi. Ermənistan bu baxımdan heç bir real güc ortaya qoymadı. Hipotetik baxımdan münaqişə davam edərsə, üstünlük yenə də Azərbaycanın tərəfində olacaq".

Ekspert bildirib ki, Azərbaycan və Ermənistanın hərbi potensialını müqayisə etmək prinsipcə doğru deyil. Azərbaycanın hərbi gücü çox yüksəkdir. Silahlı mübarizədə son nöqtəni Azərbaycan ordusu qoyacaq:

"Rusiya ordusunun bu smünaqişəyə cəlb edilməsi üçün heç bir əsas yoxdur və bunu görmürəm. Bu məsələdə həqiqət Azərbaycanın tərəfindədir. O, özünün beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinin qorunmasında israr edir. Ermənistana isə hər iki dövlətin ərazi bütövlüyünün qarşılıqlı tanınması çərçivəsində sülh təklif edir. Məsələnin nə cür qoyulmasından asılı olmayaraq Azərbaycanın mövqeyi sabitdir. O, tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpası istiqamətində hərbi-siyasi mübarizə aparır. Vladimir Putin də bu barədə danışıb. Buna heç kim etiraz edə bilməz. Azərbaycanın mövqeyi tamamilə məntiqli, haqlı və uduşludur".