Ürək tutması riski siqareti tərgitdikdən sonra 24 saat ərzində azalmağa başlayır. Orqanizm bütünlükdə siqaretin kimyəvi təsirindən qurtulur, saçlardan dırnağa qədər bərpa prosesi başlayır.
Hafta.az xəbər verir ki, bəziləri hesab edirlər ki, siqaretdən asılılığa son qoymaq özü xəstəliklərə səbəb olur, lakin bu çox yanlış fikirdir. Əksinə, siqareti tərgitməyin sağlamlıq üçün faydasını insanlar dərhal hiss edirlər.
Ola bilər ki, 50 ildən də artıqdır ki, siqaret çəkirsiniz, lakin həkimlər bildirirlər ki, bu zərərli vərdişdən əl çəkmək heç vaxt gec deyil. İllərlə siqaretdən asılılığın insan orqanizmində qoyduğu izlər onu tərgidən kimi dərhal yox olmağa başlayır.
Siqaretlə bağlı xəstəliklər, xüsusilə ürək-damar xəstəlikləri riski siqaretdən imtina etdiyiniz andan etibarən azalmağa başlayır. Dəri nəmlənir, saçlar gurlaşır, dırnaqlar möhkəmlənir, qırışlar daha az hiss olunur, dişlər sağlamlaşır.
Tədqiqatlara görə, siqaretin tərkibində formaldehid, hidrogen sianid, karbon monoksid, arsenik və s. kimi dörd mindən artıq xərçəngə səbəb olan maddə vardır. Onun tərkibindəki nikotin, heroin və kokain kimi güclü asılılıq yaradır.
Tütündən imtina edən kimi, buraxılmış elə son siqaretin ardından orqanizmdə çox ciddi dəyişikliklər başlayır. Cəmi 20 dəqiqə sonra insanın nəbzi normallaşır, 8 saat sonra qanda nikotin və karbonun səviyyəsi 50% aşağı düşür, dadbilmə və iybilmə qabiliyyəti artır, 72 saat sonra tənəffüs çox rahatlaşır, 2-12 həftə ərzində isə qan dövranı tamamilə bərpa olunur.