Şirkət rəhbəri tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırılmasına dair Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, istintaq nəticəsində Rüfət Nurəddin oğlu Kərimovun 2017-2022-ci illərdə təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Kərimov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə iş üzrə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təmin edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.