“Şuşadakı 5 mərtəbədən ibarət tikilən binalara məhəllə demək olmaz. Şəhərin elə yerləri var ki, orda yeni evlər tikilə bilər. Şuşa abidələr şəhəridir. Orda heç nə dəyişilməyib.
Bu fikirləri hafta.az-a Şuşa Mədəniyyət və Turizm İdarəsinin sədri Zahid Abbasov deyib:
“Hər məhəllənin özünün məscidi, məhəllə bulağı, məhəllə çayxanası, məhəllə hamamı olmaqla salınmış qədim, gözəl şəhərdir. İndi də yeni plandan görünür ki, həmin o memarlıq üslubunun qorunmasına çalışılacaq. Düzdür, şəhərin müəyyən hissələrində yeni tikililər tikmək olar və düşünürəm ki, tikiləcək. Amma qalan o köhnə məhəllələr, tarixi abidələr necə var elə də təmir olunacaq. Bu da çox müsbət haldır.
Məlumdur ki, sovet illərində, 70-80-ci illərdə Şuşada 5 mərtəbəli binalar tikilib. Onlara “Xruşovka”da deyilir. O binalar həm istifadəyə yararsızdırlar, həm də Şuşaya yaraşmırlar. Onlar söküləcək və yerində 4-5 mərtəbəli yeni arxitekturalı, keçmişlə, müasirliyi birləşdirən, Şuşanın ümumi mənzərəsinə uyğun gözəl binalar tikiləcək. Amma həmin binanın belə tez tikilməsindən söz gedə bilməz, çünki hələ şəhərin planı iki gündür təsdiq olunub. Amma artıq harda tikiləcəkləri müəyyən olunub, yerləri hazırlanıb. Sökülən köhnə binaların, yaxud top, mərmi dəymiş sıradan çıxmış binaların yerində tikiləcək. Hələ də söküləcək binalar var.
Ola bilər ki, nəsə şəhər ətraflnda tikililər getsin. Eyni zamanda Şuşanın aşağı hissələrinə toxunulmayacaq. Yəni orada olan həyət evləri təmir olunacaq və olduğu kimi də qalacaq. Şuşada 17 məhəllədir, elə 17 məhəllə də saxlanılacaq”.