Şuşanın bərpasında xüsusi dinamizm müşahidə olunacaq – Millət vəkili

16:58 06.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı sərəncam Cənubi Qafqaz regionunda ölkəmizin iradəsi ilə yaranmış yeni geosiyasi reallıqların növbəti ifadəsidir. “Şuşa İli”nin elan olunması əhəmiyyətli mesaj kimi qiymətləndirilə bilər.

Bu fikirləri hafta.az-a deputat Elşad Mirbəşir deyib:

“Azərbaycan öz torpaqlarının tam sahibidir və bu vəziyyət bir daha dəyişməyəcək. Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncam “Şuşa İli”nin elan olunmasının məqsədi və əhəmiyyəti haqqında aydın təsəvvürlər formalaşdırır. Belə ki, Prezident xalqımıza Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik müraciətində bildirdi ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək.

“Şuşa İli”nin elan olunmasının başlıca məqsədi Şuşa şəhərinin bərpa prosesinin sürətləndirilməsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, 2007-ci ildən başlayaraq Azərbaycanda tematik illər elan olunmaqdadır. Bu unikal ənənə ən müxtəlif istiqamətlərdə kompleks fəaliyyətin həyata keçirilməsi ilə daha səmərəli nəticələrin əldə olunması baxımından əhəmiyyətli olub.

 “Şuşa İli” çərçivəsində Şuşa şəhərinin bərpası istiqamətində xüsusi dinamizm müşahidə olunacaq.

Şuşa şəhərinin 2020-ci il noyabr ayının 8-də işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq ruhunu, qələbə əzmini sarsılmaz etdi. Şəhər işğaldan azad edilən kimi orada aktiv infrastruktur quruculuğuna başlandı. Bununla yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada tarixi və abidələrinin abidələrin bərpası istiqamətində mühüm layihələrə həyata keçirilməyə başlandı ki, bu da şəhərin əsl tarixi simasının özünə qaytarılması baxımından olduqca əhəmiyyətlidir.

Bildiyimiz kimi, Şuşa şəhəri tarixən bütövlükdə Cənubi Qafqaz regionun ictimai-siyasi və mədəni həyatında çox təsirli rol oynayıb. Bu baxımdan, Şuşa şəhərinin sürətlə dirçəlməsi regionun ümumi vəziyyətinin formalaşmasında müstəsna rol oynayacaq. Ayrıca olaraq, vurğulamaq istərdim ki, “Şuşa İli”nin elan olunması yerləşdiyi regionda cərəyan edən yeni geosiyasi proseslər Azərbaycanın maraqlarına uyğundur və ölkəmiz bu prosesləri yönləndirməkdədir”.