“Tərtər işi”nin yenidən araşdırılması çox vaxt aparacaq”

18:39 21.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “ Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb. Xəbər verildiyi kimi, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.  

Maraqlıdır, “Tərtər İşi”-nin yenidən qaldırılmasına səbəb nədir. Bu məhkəmə işi niyə baş vermişdi və nəyə görə  yenidən açılır? 

Bu barədə hafta.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxaliyev maraqlı nüanslara diqqət çəkib.

O, bildirib ki, ilkin istintaq araşdırmalarının nəticələri uzun müddətdir cəmiyyətdə böyük narazılıq yaradıb.  Onun sözlərinə görə, bu narazılığın səbəbi birinci araşdırmada  adıkeçən və yaxud istintaqa cəlb olunan şəxslərin birinci istintaqa cəlb olunma səbəblərinin aydınlaşdırılması üzərində olub.  

“Sonrakı mərhələdə məhkəmə qərarına əsasən bəraət almış şəxslər var idisə, onların ailələrinin zərərçəkmişlərin hüquqlarının tələb etməsi əsasında idi.  İstənilən halda üç qurumun birgə tərtib elədiyi istintaq komissiyası  həm birinci istintaqda aparılan məsələləri yenidən araşdıracaq, ondan əlavə birinci prosesdə istintaqa cəlb olunmayan şəxslərin şahid ifadəsinin alınması ilə irəli sürülən tələblərin nə qədər haqlı, yaxud haqsız  olması ilə bağlı yenidən məhkəmə qərarları çıxaracaqlar”.

E.Şıxəliyev hesab edir ki, məhkəmə qərarları iki yöndə ola bilər.

“Birincisi, bu, məhkəmə qərarlarında öz əksini tapan qərarların yenidən dəyişməsi ilə müşahidə oluna bilər.  Eləcə də, orda cəzalandırılmış şəxslərə bəraət verilməsi və yaxud həbs hökmü kəsilmiş hərbçilərə bəraət verilməsi, zərərçəkənlərə təzminatların verilməsi yönündə dəyişiklik ola bilər. Yaxud, əlavə istintaqa cəlb olunan şəxslərə yenidən məhkəmə qərarlarının verilməsi ilə nəticələnə bilər”.

Hərbi ekspert hesab edir ki, bu çox böyük proses olacaq. O, birinci araşdırma məsələsində prosesə həddən artıq şahidlərin və istintaqa cəlb olunanların adlarının keçdiyini nəzərə alaraq prosesin yaxın aylarda nəticələnəcəyini gözləməyi sadəlövlük saydı. Ekspert hesab edir ki, yenidən iş araşdırılmağa başlasa, ən azı nəticələrin ortaya qoyulması uzun müddət çəkəcək. 

“Belə bir reallıqda istintaq heyətinin birbaşa Baş Prokurorluğun nəzarətində aparılması müsbət ümidlər yaradır. Birinci mərhələdə istintaqı hərbi prokurorluq aparmışdı. İkinci istintaq Baş Prokurorluğun nəzarətində olduğu üçün və Milli Təhlükəsizlik, Daxili İşlər Nazirliyi mütəxəssislərinin cəlb olunması o qənaəti yaradır ki, istənilən bu araşdırma birinci məhkəmə qərarlarından fərqli olacaq”.