Tərtərin bu kəndində separatçı erməni rejiminin əski parçası asılıb - FOTO

18:54 16.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Oxucularımızı Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətində qalan və ermənilərin  məskunlaşdığı yaşayış məntəqələrimizdəki durum haqda məlumatlandırmaqda davam edirik.

Rəsmən Azərbaycan Respublikası Tərtər rayonuna aid olan Ulu Qarabəy kəndində hazırda 285 erməni yaşayır.  Hafta.az xəbər verir ki, bu haqda erməni mediasına “Metsşen” adlandırılmış kənd icmasının qanunsuz rəhbəri David Ananyan danışıb.

“ Məktəbdə 50 uşaq oxuyur. Uşaq bağçasında 24 uşaq tərbiyə alır. İcmada bələdiyyə binası, ziyafət zalı, 2011-ci ildə təmir edilmiş təcili yardım məntəqəsi var. Amma mədəniyyət evinin təmirə ehtiyacı var. Kəndin mərkəzində yolların 40 faizə yaxını asfaltlanıb, qalanlarına da asfalt salınmalıdır. Kənd qazlaşdırılıb, işıqla və sutkaboyu su ilə təmin olunur”, - deyə D.Ananyan bildirib.

Onun sözlərinə görə, 44 günlük savaşdan sonra Ulu Qarabəy kəndinə 3-ü Tərtər rayonunun Suqovuşan kəndindən, 1-i Kəlbəcər rayonunda işğal dövründə salınmış Knaravan kəndindən, 1-i isə Xocavənd rayonunun Akaku kəndindən olmaqla qanunsuz şəkildə 5 erməni ailəsi məskunlaşıb.

Bu Azərbaycan kəndindəki ermənilərin əhval-ruhiyyəsindən danışan qanunsuz “mer” onların “vətənə çox bağlı olduqlarını” qeyd edib.

“Sakinlərin bir qismi heyvandarlıqla, 20-yə yaxın ailə isə arıçılıqla məşğuldur. Kəndə məxsus əkin sahələrinin bir hissəsi Azərbaycan ordusunun nəzarətində qalsa da, sakinlər geri çəkilmir, torpaqlarını əkib-becərir və məhsul gözləyirlər. Həm gənclər, həm də yaşlı erməni kəndlilər öz doğma torpağına qayğı ilə yanaşır, işləyirlər.”, - deyə D. Ananyan bildirib.

Kənddin “inzibati” binasının üzərində separatçı-terrorçu erməni rejiminin əski parçası dalğalanır… Və Azərbaycan ordusuna qarşı döyüşləydə gorbagor olmuş haylara xaçkar abidəsi qoyulub.

Zəruri arayış:

Ulu Qarabəy - Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər rəsmən “Metsşen” olmuşdur.

Ulu Qarabəy kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Ulu Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Ulu Qarabəy kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Ulu Qarabəy kəndi dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794-1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdır. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu. Oykonim "böyük Qarabay kəndi" mənasındadır.