Türkiyəli futbolçu tatarıstanlı azarkeşləri zəlzələdən zərərçəkənlər üçün səfərbər etdi

12:50 13.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gökdəniz Karadəniz 2008-2018-ci illər arasında forma geyindiyi Kazanın “Rubin” komandasına bu dəfə tribunadan dəstək olub, son dövrədə kapitanlıq edib və iki dəfə Rusiya Premyer Liqa çempionluğu kubokunu qazanıb.

Hafta.az-ın yazdığına görə, hazırda Rusiya 2-ci Liqasında mübarizə aparan "Rubin Kazan" öz meydanında "Volqa"nı 2:1 hesabı ilə məğlub edib, oyundan əldə olunan gəlir isə Türkiyədə zəlzələdən zərərçəkənlərə bağışlanıb.

Kazanda adı əfsanələr arasına yazılan, Tatarıstanın nümayəndəsi, 61 nömrəli köynəyi muzeyə aparılan Gökdəniz bu səfərdə yenidən şəhərdə coşğu ilə qarşılanıb. Tataristan lideri Rüstəm Minnihanov Gökdənizi qəbul edib, sosial şəbəkədə fotolar paylaşıb.

Gökdəniz Karadəniz daha sonra Türkiyənin Kazandakı baş konsulu İsmət Erikanla oyunu tribunadan izləyib. Oyuna yerli azarkeşlərlə yanaşı, Kazanda yaşayan Türkiyə vətəndaşları və Azərbaycan diasporu da maraq göstərib.

Baş konsul Erikan zəlzələdən zərərçəkənlərə göstərdikləri dəstəyə görə azarkeşlərlə görüşən, avtoqraf paylayan və şəkil çəkdirən Gökdəniz Karadəniz başda olmaqla “Rubin Kazan” menecerlərinə təşəkkür sənədi təqdim edib.

Azarkeşlərlə söhbət edən və avtoqraf paylayan Gökdəniz "Rubin"in yeri Premyer Liqadadır, ən qısa zamanda layiq olduğu yerə dönəcəyinə inanıram" deyib.