Ukrayna ordusu son 8 ildə çox güclənib - HƏRBİ EKSPERT

15:44 22.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu, dediyim kimi, son 8 ildə çox güclənib. Hərbçilərin, o cümlədən generalların əksəriyyəti 2014-cü ildən bəri böyük döyüş təcrübəsi qazanıb. Öncə onu deyim ki, Ukrayna ordusu artıq peşəkar ordu sisteminə keçir. Çağırışçılar azlıq təşkil edir və onlar da ağır, hərbi cətdən çox təhlükəli məntəqələrə yerləşdirilmirlər.

Bu fikirləri hafta.az-a Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri  olan hərbi ekspert Elxan Nuriyev deyib:

Silahlı Qüvvələrin təchizatı normaldır. Hazırda Ukrayna ordusunda ən aşağı rütbəli hərbçilərin əmək haqqı 700 dollardır. Yüksək rütbəlilər isə 2 min dollaradək maaş alır. Eyni zamanda döyüş yeri və tapşırıqlardan asılı olaraq Ukrayna ordusunda daha yüksək maaşlar da mövcuddur. Onu da vurğulamaq gərəkdir ki, Ukrayna ordusu digər sırf hərbi aspektlərlə yanaşı, maliyyə sistemi ilə bağlı da tam NATO standartlarına keçmək üzrədir…

Son illər ordu kifayət qədər yüksək texnologiyalı öldürücü silahlarla təchiz olunub. Hava hücumundan müdafiə məqsədli “Nlov”, “Stinger” tipli silahlar, tank əleyhinə müasir raket qurğuları var ki, Rusiya ordusunda belə, onların alternativi yoxdur…

Həmçinin Ukrayna ordusu Qərb təlimatçılarının da dəstəyi ilə yaxşı təlim də görüb. Ordu yüksək keyfiyyətli rabitə sistemi ilə təchiz olunub. Ukraynanın bir az çəkindiyi həssas Qara dəniz bölgəsində isə 3 dost böyük dövlət Türkiyə, ABŞ və Böyük Britaniya ilə texniki dəstək barədə razılıqlar əldə olunub…

Onu da deyim ki, 200 minlik ordudan əlavə, Ukrayna xalqı özü də bütövlükdə döyüşməyə hazırdır. Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində baş növbətçi idim, könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi. Və digər ekspertlərlə birgə hesablarımıza görə, bu gün Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır... Bu saat ölkənin 560 minlik ehtiyat ordusu var. Ərazi prinsipi ilə onlarla könüllü yeni taborlar yaradılır. Onların üzvləri mütəmadi təlimlər keçir. Amma hər biri öz evində olur və genişmiqyaslı müharibə zamanı hər biri harada, hansı mövqedə olacağını və hansı silah, yaxud texnika ilə döyüşəcəyini dəqiq bilir. Buna Ukrayna qanunları da icazə verir. Bu haqda həm Prezident fərmanı, həm də Nazirlər Kabinetinin qərarı var. Eyni zamanda mülki müdafiə məsələlərinə də ciddi diqqət yetirilir. Xüsusən iri şəhər və qəsəbələrdə əhalinin hava və artilleriya hücumlarından qorunması üçün mümkün qədər sığınacaqlar hazırlanır."