Ukrayna üçün iki məsələ müzakirə edilib

08:11 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Baş naziri Yuliya Sviridenko Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyi ilə əməkdaşlığın davam etdirilməsi və 2026–2029-cu illəri əhatə edəcək yeni proqramın hazırlanması məsələlərini müzakirə edib.

Hafta.az xəbər verir ki, bu barədə Baş nazir özünün “Telegram” hesabında məlumat paylaşıb.

Bildirilir ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və yeni təyin olunmuş birinci müavin Den Kats ilə görüşlər keçirilib, dövləti iqtisadi sabitliyini dəstəkləyən məsələlər müzakirə edilib.

Baş nazir bildirib ki, hazırkı Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) çərçivəsində Ukrayna rekord sayda səkkiz mərhələli monitorinqi uğurla keçib və 10,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi alıb.

“Bu proqram sayəsində Ukrayna son 80 ildə Avropada başvermiş ən böyük müharibənin yaratdığı qeyri-müəyyənlik və çətinliklərə baxmayaraq, makromaliyyə sabitliyini qoruyub saxlayıb. Bizim üçün vacibdir ki, növbəti proqram əvvəlkinin davamı olsun”.

Onun sözlərinə görə, BVF rəhbərliyinin Ukraynanın iqtisadi, fiskal, monetar və korrupsiyaya qarşı siyasət sahələrində əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirməsi hökumət üçün mühüm əhəmiyyət kəsb edir.