İsti havalar ürək və damar xəstəliyi olan insanlara daha çox mənfi təsir göstərir. Belə ki, temperaturun 1 dərəcə belə yüksəlməsi bu xəstəliklərdən əziyyət çəkənlərdə təzyiqin qalxmasına kifayət edir.
Qızmar yay havası bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur. Bəs görəsən belə havalarda ürək, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər nə etməli?
Məsələ ilə bağlı hafta.az-a danışan həkim Elnur Eldaroğlu bildirdi ki, ürək, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar yaxşı olardı ki, ilk növbədə qidalanmaya diqqət etsinlər. Bu mövsümdə xüsusilə duzlu qidalardan çəkinmək lazımdır:
“Duz suyu özündə saxlayır, bu halda təzyiqi qaldıra, ürək döyüntülərini sürətləndirə bilər. Təbii olaraq belə insanlar açıq günün altında qalmamalıdır. Başqa fəsillərdə gündə 2 kilometr gəzmək məsləhət verilirdisə yayda bu tövsiyə olunmur. Heç bir xəstəliyi olmayan insanlar belə isti havalarda tənginəfəslikdən, halsızlıqdan əziyyət çəkir. Belə halda çox miqdarda su, su ilə bərabər mineral itirilir. Bu ürək-damar xəstələri üçün ikiqat zərbə sayılır”.
Həkim onu da söylədi ki, belə insanlar bacardıqca ağır qidalardan uzaq dayanmalı və yuxu rejiminə diqqət etməlidirlər:
“Çünki, şəxs fiziki işlə çox məşğuldursa çox yeyə bilər. Ancaq ürək damar xəstəliyi olan şəxslərə ağır fiziki iş və çox yemək məsləhət görülmür. Həmçinin belə şəxslər normal yuxu rejiminə də diqqət etməlidirlər. Yay aylarında gecə gec saatala qədər oyaq qalan insanlar onsuz da gec yatacam deyib, dodnurma, desert kimi nə gəldi yeyə bilirlər. Bu da gec həzm edilməyə və təzyiqin qalxmasına səbəb olur”.
Sağlamlığınızın qeydinə qalmaq üçün yaxşı olardı ki, mütəəssislərin tövsiyyələrinə əməl edəsiniz. Unutmayın ki, ürəyimiz bizim üçün dayanmadan döyünür. Onu yaxşı qoruyun, çünki, ürək bizim olsa da içində sevdiklərimiz var.