Vüqar Səfərlinin məhkəməsi başladı və təxirə salındı

20:11 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ağır Cinayətlər Məhkəməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilmiş) keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov '"Altun" restoranının direktor müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub. Təqsirləndirilən Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb. 

Təqsirləndirilən Şahin İbrahimovun vəkili hazırlıq iclasında iştirak etmədiyinə görə proses 30 iyulun saat 15:00 - kimi təxirə salınıb.

Qeyd edək ki, Fondun əməkdaşlarının qanunsuz hərəkətlərilə bağlı iş üzrə ilkin istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaqın məlumatına görə, Fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışan Binyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Təhminə Yaqubova, Valeh Orucov, Şahin İbrahimov və Namiq Hacıyevlə əlbir olub, dövlət vəsaitlərini mənimsəyib, işlərin həcmini şişirdib və beləliklə, 18 milyon 500 min manatı oğurlayıblar.

Adları çəkilən şəxslər külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, eləcə də cinayət yolu ilə əldə edilmiş 5,7 milyon manat vəsaitin leqallaşdırılmasında təqsirli bilinirlər.

V.Səfərli həbsdə, digər təqsirləndirilənlər isə polis nəzarəti altındadır. Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi zərərçəkmiş qismində tanınıb. V.Səfərli prezidentin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə Fondun icraçı direktoru vəzifəsindən azad edilib. Yanvarın 14-də həbs edilib.

Oxunma sayı 568