Ermənistanda hakim partiyanın təşəbbüsü ilə 44 günlük müharibədəki ağır məğlubiyyətin araşdırılması üçün İstintaq Komissiyası artıq yaradılıb, ilk iclas 14 fevral bazar ertəsi keçiriləcək. Komissiyanın işi təsdiqlənəcək.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Armen Xaçatryan deyib.
“Komissiyaya bütün qrupların nümayəndələri, bütün səviyyəli rəsmilər dəvət olunacaq. Düşünürəm ki, həm ölkənin keçmiş prezidentləri, həm də komandirlər dəvət olunacaq. Lazımi məlumatı verə bilən hər kəs dəvət olunacaq”, - deyə o bildirib.
Keçmiş prezidentlərin niyə dəvət olunduğunu soruşduqda, Xaçatryan cavab verib ki, danışıqlar prosesi ilə bağlı çoxlu problemlər var, müharibənin başlamasının səbəblərini və motivlərini araşdırmaq lazımdır.
"Bu insanlar böyük miqdarda məlumatın daşıyıcısıdırlar, bir sıra halları bilirlər" o deyib.
44 günlük müharibə zamanı qondarma rejimin "prezidenti" Arayik Arutyunyanın və "Müdafiə Ordusunun komandanı" Cəlal Arutyunyanın dəvət edilib-edilməyəcəyi ilə bağlı suala parlamentari belə cavab verdi: “Əlbəttə, bəli. Düşünürəm ki, dəvət olunacaqlar”.
Erməni deputatın sözlərinə görə, komissiyanın işinin gedişində yeni cinayət işləri də açıla bilər.