Xocalı yaxınlığında Daşaltıdan köçmüş haylar üçün 145 ev tikilir - FOTO

19:36 30.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hafta.az oxucuları Azərbaycan Respublikasının 10 noyabr 2020-ci il razılaşmasına əsasən müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalmış ərazilərindəki gerçək durumla bağlı məlumatlandırmaqda davam edir.

Xocalı rayonunun “Noraküh” adlandırılmış  Təzəbinə kəndində 44 günlük savaş zamanı Şuşa rayonunun Daşaltı kəndindən  köçmüş ermənilər üçün yaşayış məhəlləsinin tikintisi davam edir.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediasına Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "şəhərsalma nazirliyi"ndən məlumat çatdırılıb.

“İşlər 2021-ci ilin oktyabrında başlayıb. 145 fərdi yaşayış evi tikilməkdədir. Hər biri 1200 kvadratmetr sahəni əhatə edir. Hazırda 97 fərdi yaşayış evinin təməli qoyulub, 40 evdə divarlar hörülüb, 20-də dəmir-beton dam örtüyü tökülüb.

2022-ci ilin sonunadək  60 fərdi yaşayış evinin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Ərazidə asfalt yollar və uşaq meydançası da  salınacaq" – məlumatda belə deyilir.

Zəruri arayış:

Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə kənd Təzəbinə adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilib.

10 noyabr 2020-ci il tarixli  üçtərəfli razılaşmaya əsasən müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalıb.

Təzəbinə kəndi Xocalı şəhərindən təxminən 1 km məsafədə dağ ətəyində yerləşir. Qədim adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noraküh (ermənicə: Təzəkənd) adlandırılıb.

Erməni mənbələrinin 2005-ci il üçün verdiyi məlumata görə, guya Təzəbinədə 1300-dən çox erməni yaşayıb…

Oxunma sayı 224
Gündəm rubrikasından digər xəbərlər