Zəngilan azad olunmaqla İran sərhəddi tam nəzarətə götürüldü - Ekspert

11:21 21.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“44 günük müharibədə cənubda keçirilən əməliyyatların ciddi bir önəmi var. Bu əməliyyatlar həm düşmənə yeni cəbhə açdı, həm də İranla sərhədin nəzarətə götürülməsi, düşmənə ola biləcək  texniki dəstəklərin qarşısının alınması baxımından əhəmiyyətli idi. Bu mənada Zəngilan və orada bir sıra kəndlərimizin azad olunması çox önəmli idi”.

Bunu Zəngilanın işğaldan azad olunmasının hərbi əhəmiyyəti ilə bağlı hafta.az-a hərbi ekspert Ruslan İmamquliyev bildirib.

 R.İmamquliyev qeyd edib ki, 44 günlük müharibədə başlanmış əməliyyatlar sadəcə şərq-qərb  istiqamətində həyata keçirilirdi. Bu genişmiqyaslı əməliyyatlar özü-özlüyündə düşməni çətin vəziyyətə salırdı.

“Döyüşün gedişatında bizim silahlı qüvvələrimizin düşmənin dərinliyinə sızması, düşmənin şərq istiqamətində deyil, bütün istiqamətlər üzrə təhdid altına salınması idi. Bu da düşmənin bir çox hallarda ya ehtiyatlarını tətbiq etmə məcburiyyətində qalması, yaxud ehtiyatların tətbiq edilməsindən məhrum olma vəziyyətinə düşürülməsi idi.  Düşmənin bir çox ehtiyatları darmadağın edilmişdi. Bunun da başlıca səbəblərindən biri döyüşün ilk günlərində hava üstünlüyünün Azərbaycan Silahlı Qüvvələrində olması, düşmənin kəşfiyyat vasitələrinin darmadağın edilməsi və kor vəziyyətinə salınması idi. Cənub istiqamətində ordu korpuslarımızın həyata keçirmiş olduğu yarma əməliyyatı nəticəsində düşmənin dərinliyinə qədər nüfuz etməsi, Cəbrayılın, Hadrutun, Füzulinin azad olunması və cənub istiqamətində əməliyyatların daha da genişlənərək  Zəngilanın, Qubadlının azad olunması ilə nəticələndi. Cənub istiqaməti tam nəzarətə götürüldü”.

Hərbi ekspert bildirir ki, Cəbrayıldan sonra Zəngilanın azad olunması ilə ordumuz cənub-şimal istiqamərlərində də geniş cəbhədə yeni təmas xətti yaranmışdı. 

“Nəticə göz qabağında idi.  Düşmən artıq təslim vəziyyətinə gəldi. Bir-birinin ardınca  torpaqların azad olunmasının şahidi olduq. Laçında bir sıra yüksəkliklərin, Laçın karidorunun nəzarət altına götürülməsi, Şuşanın azad olunması ilə düşmənin təslim aktına imza atması, düşmənin Ağdam, Kəlbəcər, Laçın kimi rayonları təslim etməsinə səbəb oldu”.

Oxunma sayı 45