Son vaxtlar Avropa İttifaqı ölkələrinin Mərkəzi Asiya regionu dövlətlərinə marağının artdığı hiss olunur. Hətta bir-birinin ardıyla Avropa liderlərinin Mərkəzi Asiya ölkələrinə səfəri bunu deməyə əsas verir.
Hafta.az-ın yazdığına görə, Karnegi Avropa Fondunun elmi işçisi Temur Umarov qarşıdan gələn Aİ-Mərkəzi Asiya sammiti ilə bağlı deyib ki, Mərkəzi Asiya daha çox tanınan regiona çevrilib, Rusiya, Çin, Avropa və Fars körfəzi ölkələrinin regiona marağı xüsusilə artır.
“Burada Qazaxıstanın rolu böyükdür. Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya daxilində və regiondan kənarda “iki lokomotivdir”. Bu, iki dövlətin həm coğrafi, həm də iqtisadi ölçülərinə görə mümkündür” deyən ekspert yaxın vaxtlarda Səmərqənddə keçirilməsi planlaşdırılan Aİ-Mərkəzi Asiya sammitinin əhəmiyyətini qeyd edib.
“Bu, kifayət qədər mühüm hadisədir. Nəzərə alsaq ki, Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında münasibətlər fövqəlmilli səviyyədə kifayət qədər institusionallaşdırılmayıb. Bu baxımdan, sammit yeni platformaya, yeni formata çevriləcək, baxmayaraq ki, bu, müşahidəçilər arasında müəyyən şübhə yarada bilər. Amma institusional çərçivə istənilən beynəlxalq münasibətlərin əsasını təşkil edir. Bu formatın yaranması və görüşlərin müntəzəm keçirilməsi düzgün istiqamətdə atılan addımdır” deyən ekspert bildirib ki, Aİ Mərkəzi Asiya üçün kifayət qədər vacib oyunçudur.
“İqtisadi və investisiya səviyyəsində baxsanız, bu, bütün Mərkəzi Asiyanın ticarət dövriyyəsinin üçdə birini təşkil edir. Avropanın Mərkəzi Asiya üçün beynəlxalq münasibətlərdə kifayət qədər vacib mövzu olması ilə bağlı bir çox başqa amilləri də qeyd etmək olar”, - o deyib.