"Bir amerikalı kimi mən Trampın dediklərindən utanıram…”- ABŞ diplomatı

14:00 20.02.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Yəqin ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı məlumatları Rusiya təbliğatını yayan mənbələrdən alır. O, Putinin fikirlərini əks etdirən informasiya eko-sistemində yerləşir".

Hafta.az xəbər verir ki, bunu ABŞ-nin Rusiyadakı keçmiş səfiri və Rusiyaya qarşı sanksiyalar üzrə beynəlxalq "Yermak-Makfol" işçi qrupunun həmsədri Maykl Makfol Ukraynanın "İctimai" kanalına müsahibəsində deyib.

“Onun ukraynalılarla ünsiyyətə daha çox vaxt ayırmasını istərdim. İstərdim ki, Münhendə görüşdüyüm Ukrayna hərbçiləri ilə görüşsün – ona bu müharibənin faciələrini danışsınlar”, -deyən diplomat xəbərdarlıq edir ki, belə bir vəziyyət təkcə Ukrayna üçün deyil, həm də ABŞ-nin özü üçün təhlükəlidir. Və bunun iki səbəbi var:

Birincisi, bu o deməkdir ki, Tramp sadəcə olaraq vəziyyəti başa düşmür;

İkincisi, bu, ruslarla iş zamanı onun danışıqlar komandasının səylərinə xələl gətirir.

"Bu, onların mövqeyini zəiflədir. Putin hər şeyin onun istədiyi kimi olduğunu gördüyünə görə, bu o deməkdir ki, o, daha çoxunu istəyə bilər. Axı onun mövqeyi daha güclüdür", - deyə Maykl Makfol vurğulayıb.

Makfol həmçinin Trampın Vladimir Zelenskinin guya “diktator” olması ilə bağlı sözlərinə də münasibət bildirib.

"Bir amerikalı kimi mən onun dediklərindən utanıram. Onun Zelenskini diktator adlandırması və buna baxmayaraq Putini heç vaxt tənqid etməməsi mənə dəhşətli gəlir", - ABŞ-nin Rusiyadakı keçmiş səfiri yekunlaşdırıb.

Xatırladılır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası müqaviləni tez bir zamanda imzalamaq və daha sonra Birləşmiş Ştatların ölkənin nəhəng sərvətlərinin hansı payına sahib olacağı kimi müfəssəl şərtləri müzakirə etmək üçün Ukrayna ilə sadələşdirilmiş faydalı qazıntı sazişi bağlamağa cəhd edə bilər.