"Çindən gələn məhsulları Türkiyədən ixrac əvəz edə bilər"- Ekspert

11:05 29.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasının ərazisində meydana gələn koronavirus artıq bir neçə ölkədə müşahidə olunmağa başlayıb. Azərbaycan respublikası virusla bağlı bir sıra qabaqlayıcı tədbirlər görür.

Belə ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.

Bundan əlavə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınmışdır.

Bildiyimiz kimi, ölkəyə Çindən müxtəlif ərzaq məhsulları, dərman vasitələri və ən çox texnoloji avadanlıqlar gətirilir. Çindən gələn məhsulların alternativi yerli bazarda olmadığı üçün qiymətlərə də təsir edəcəkmi?

İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a bu barədə münasibət bildirərkən dedi ki, Çindən gətirilən məhsulların alternativi Azərbaycanda istehsal olunmur. Ekspertin fikrincə, öz istehsal sahələrimiz yoxdur. Olsa belə forsmajor hallar güclü təsir edə bilməz:

“Məhdudiyyətlər dövründə təlabatı ödəmək üçün Çindən gələn məhsulları Türkiyə məhsulları əvəz edə bilər. Hər bir dövrdə Türkiyə məhsulları Azərbaycan bazarında bahadır. Ona görə də bu bazarda qiymət artımı gözlənilən haldır. Uzun zaman bu qadağa davam edərsə Azərbaycan bazarında bu problemlər kəskin şəkildə özünü göstərə bilər. Bu isə bir daha sübut edir ki, digər dövlətlərin məhsullarını yerli bazarda təqdim etmək yerinə, yerli məhsullarımızı istehsal etməliyik. İstehsal hazırda çox aşağıdır. Hətta bir çox sahələr üzrə ümümiyyətlə istehsal prosesi yoxdur. İdxaldan yüz faiz asılıyıq. Əgər məhdudiyyət bir ay davam edərsə, virusu nəzarət altına götürə bilsələr bahalaşma müşahidə olunmayacaq”.  

Qeyd edək ki, son məlumatlara görə, Çində dekabrın sonlarında yayılan koronavirusa təxminən 6 min insan yoluxub, onlardan 132-si dünyasını dəyişib.

Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.