Qocaman, lakin dövrün reallıqları ilə səsləşə bilən mediamız...
İyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 yaşı tamam olur. Mətbuatımız hər il yaşlandıqca müasir dünyanın tələblərinə uyğun olaraq inkişaf edir, şaxələnir və qlobal informasiya sistemində özünün yerini tutur. Dövlətin əsas ideoloji qolu olan Azərbaycan mediası “dördüncü hakimiyyət” statusunu özünün fəaliyyəti ilə təsdiqləmək, isbat etmək üçün mühüm islahatlar mərhələsindədir və gözləntilər ümidverici hesab olunur.
Azərbaycan Milli Mətbuatı bu gün dünəninə baxaraq necə inkişaf edir, hansı əngəlləri aşır və müasir qlobal dünyada öz sözünü, səsini istər daxili auditoriyaya, istərsə də dünyaya necə çatdra bilir?
“Mediamız dəyişən dünyanın yeni trendlərə transformasiya ərəfəsindədir”

SEVİNC SEYİDOVA - “Həftə içi” qəzeti və Hafta.az saytının Baş redaktoru:
- Milli Mətbuatımız 150 il ərzində böyük və zəhmətkeş yol qət edib. Təbii ki, Azərbaycan mətbuatının fəaliyyətinin ən qaynar və qürurlu dövrü müstəqilliyimizin bərpasından sonraya təsadüf edir. Müstəqil mediamızın fəaliyyətini bu gün iki mərhələyə bölə bilərik. İşğal dövrü və tarixi qələbəmizdən sonrakı dövr.
Birinci zaman kəsiyi müstəqil mediamızın yenidən formalaşması, özünü tapması, inkişaf istiqamətlərini müəyyənləşdirməsi ilə xarakterizə olunursa, qələbədən sonra biz artıq qalib xalqın qalib mediası olaraq dünyaya açılırıq.
Bu gün mediamızın inkişaf tarixinə nəzər yetirdikdə, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin bu istiqamətdə diqqət və dəstəyini xüsusi qeyd etməliyik. Onların mediaya qayğısı, problemlərinin həlli istiqamətində atdıqları addımlar, qəbul edilən qərarlar müstəqil mətbuatımızın ayaqda qalması, inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Hazırda mediamız dəyişən dünyanın trendlərinə uyğunlaşmaq, yeni trendlərə transformasiya ərəfəsindədir. Dövlətimizin və media ailəsinin birgə səyləri ilə bu mərhələni də uğurla keçəcəyimizə inanırıq.
Bir daha mətbuat aləmində çalışan, jurnalistikanı özləri üçün əsl peşə hesab edən həmkarlarımızı Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə təbrik edirəm.
“Media savadlılığı dezinformasiyaların baş aldığı bir dövrdə hər bir vətəndaşımız üçün vacibdir”

RƏŞAD MƏCİD - Mətbuat Şurasının sədri, “525-ci qəzet”in Baş redaktoru:
– Mən Prezident İlham Əliyevə aprel ayının 25-də imzaladığı Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi barədə Sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Həmin Sərəncamda “Əkinçi”dən başlayaraq mətbuat tarixinə nəzər yetirilir, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında rolu qeyd olunur, çağdaş mətbuatımız barədə fikirlər bildirilir. Məlum Sərəncamda qürurverici məqamlardan biri Vətən müharibəsində Azərbaycan jurnalistlərinin fəaliyyətinə xüsusi diqqət yetirilməsi idi. Ölkə başçısı dezinformasiyaya qarşı mübarizədə, əzmkarlıqda, birgə fəaliyyətdə mətbuatımızın, jurnalistlərimizin rolunu xüsusilə qeyd edib. Eyni zamanda, Prezident informasiya texnologiyalarının inkişafı, yeni media trendlərinin yarandığı dövrdə Azərbaycan mətbuatının dövlətçilik hisslərini unutmadan müasir trendlərə yiyələnməsinin vacibliyini vurğulayıb.
Azərbaycan mətbuatı şərəfli tarixi yol keçib. 150 illik yubileylə bağlı dövlət və ictimai qurumların keçirdiyi tədbirlər mətbuatımıza hörmət və ehtiramın nümunəsidir. Bizim qürurlanmağa haqqımız var: Həsən bəy Zərdabi, “Əkinçi”, ondan sonra gələn Azərbaycan mətbuat orqanları milli şüurumuzun, dövlətçilik ruhumuzun yaranmasında mühüm rol oynayıb. Bizim mətbuat orqanları cəhalətə və xurafata qarşı mübarizədə ön sıralarda gedib. Bizim mətbuatın sovet illərindəki fəaliyyəti, xüsusən dilimizin saflığında mühüm yol oynayıb.
Azərbaycan mətbuatının institutlaşması müstəqillk qazandığımız illərdə həyata keçir. Azərbaycan mətbuatında yenilənmələrə başlanılır. Xüsusən Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin avqustun 26-da imzaladığı Fərmanla mətbuatda dövlət işlərini mühafizə edən baş idarə ləğv olundu. Bununla da 100 ildən artıq Azərbaycanda mövcud olan senzura ortadan qaldırıldı. Biz mətbuatın inkişafında Ümummilli Liderin rolu barədə hər zaman ürək genişliyi ilə danışmışıq. Bu ənənələr Prezident İlham Əliyevin dövründə də yeni bir vüsət aldı. Bir neçə il öncə yeni media qanunu qəbul olundu. Bu qanun öz sanbalı ilə fərqlənir. Bu qanunda medianın bütün sahələri nəzərdə tutulub. Medianın İnkişafı Agentliyi də mətbuatın tərəqqisi sahəsində xüsusi fəaliyyət göstərib. Xüsusən son illərdə Şuşada keçirilən qlobal media forumlarında müasir media trendlərinin müzakirəsi və burada dünya media nəhənglərinin iştirakı böyük hadisədir və biz bunu yüksək qiymətləndiririk.
Yeni texnologiyalar inkişaf etdikcə, xüsusən sosial medianın şirnikləndirici xüsusiyyəti üzə çıxdıqca, xeyli şəxs özünü jurnalist elan edir və informasiya daşıyıcılarına çevrilməyə çalışır. Bu mənada, bəzən pərakəndəlik olur. Amma yeni media haqqında qanun peşəkarların daha öndə dayanması və peşəkarlara diqqət göstərilməsi baxımından önəm daşıyır. İnanıram ki, bizim peşəkar media 150 illik ənənəyə əsaslanaraq ictimai fikrə təsir baxımından öncül sırada olacaq. Media haqqında qanunda media savadlılığı ayrıca bir bənd kimi yazılıb. Media savadlılığı indiki saxta, yalan, dezinformasiyaların baş aldığı dövrdə hər bir vətəndaşımız üçün vacibdir. Bu baxımdan, mətbuatımız Prezidentin də söylədiyi kimi, media trendlərinə yiyələnməklə, eyni zamanda dövlətçilik duyğularını, hisslərini hər şeydən öncə göz önündə tutmalıdır.
Mən 150 illik yubiley münasibətilə bütün peşəkar jurnalistlərimizi təbrik edir, onların əməyinə hörmətimi və ehtiramımı bildirirəm.
“Bugünkü media rəqəmsallaşan, amma milli dəyərlərə sadiq sistem olmalıdır”

BƏHRUZ QULİYEV - “Səs” qəzetinin Baş redaktoru:
- Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olunur. Bu, sadəcə tarixi mərhələ deyil - bu, milli oyanışın, ictimai düşüncənin, azad fikir və azad söz naminə mübarizənin 150 illik yoludur. Əgər 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti Milli Mətbuatımızın ideoloji təməlini qoydusa, ondan bugünədək keçilən yol - bir xalqın azad düşüncə, söz və informasiya haqqının təntənəsidir.
Azərbaycan mətbuatının formalaşmasında və dövlətçilik yolunda media orqanlarının düzgün istiqamətə yönəlməsində Ulu Öndər Heydər Əliyevin rolu müstəsna və əvəzsizdir. O, jurnalistikanı sadəcə, informasiya vasitəsi kimi deyil, dövlətin ideoloji dayağı, xalqla hakimiyyət arasında körpü, millətin təfəkkür aynası kimi dəyərləndirirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda media üçün sabit və azad fəaliyyət mühiti yaradıldı. Ulu Öndər deyirdi: “Mətbuat azadlığı hər bir demokratik cəmiyyətin əsas dayaqlarından biridir. Azərbaycanda bu azadlıq əbədi olacaqdır”. Bu sözlər sadəcə, siyasi bəyanat deyildi. Bu, dövlətin media siyasətinə çevrilən prinsip idi. Heydər Əliyev Azərbaycan mətbuatını milli ideologiyanın daşıyıcısı, azərbaycançılığın carçısı və informasiya təhlükəsizliyinin əsas sipəri kimi qoruyub və inkişaf etdirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar yeni mərhələnin əsasını qoyub. Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, mətbuatın rəqəmsallaşması üçün hüquqi və texniki şəraitin yaradılması dövlətin media siyasətinin davamlı və müasir tələblərə uyğun olduğunu göstərir. Ən önəmlisi, Prezident İlham Əliyev informasiya müharibəsinin və söz meydanının nə qədər önəmli olduğunu xüsusi vurğulayıb.
44 günlük Vətən müharibəsi zamanı bu baxışın əyani nəticələrini gördük: Azərbaycan jurnalistikası cəbhə ilə yanaşı, informasiyanın ön cəbhəsində də mübarizə apararaq həqiqətləri dünyaya çatdırdı. Prezidentin sözləri ilə desək, “Biz informasiya cəbhəsində də qələbə qazandıq. Bu, bizim media orqanlarımızın, jurnalistlərimizin, peşəkar mövqeyinin və dövlətə bağlılığının nəticəsidir”.
1990-cı illərin mürəkkəb siyasi, iqtisadi və sosial dönəmində media orqanları öz varlıqlarını qorumaq üçün böyük fədakarlıqlar göstərdi. Maddi çətinliklər, senzura basqıları, informasiya texnologiyalarının məhdudluğu fonunda Azərbaycan jurnalistləri vətənpərvərlik, fədakarlıq və ideoloji möhkəmlik nümayiş etdirdilər. O dövr jurnalistləri yalnız yazmırdılar - onlar döyüşürdülər, qələm tutub səngərə gedirdilər, şəhidlik zirvəsinə yüksəlirdilər. Bilirdilər ki, sözlə qurulmamış dövlət, informasiya ilə qorunmamış müstəqillik zəifdir.
Bugünkü media müasir dövrün çağırışlarına uyğunlaşan, rəqəmsallaşan, amma milli dəyərlərə sadiq qalan bir sistem olmalıdır. Peşəkar jurnalistikanın əsas prinsipləri - obyektivlik, dəqiqlik, məsuliyyət və milli maraqların qorunması - hər bir media qurumunun ana xətti olmalıdır. Azərbaycan mətbuatı təkcə xəbər daşıyıcısı deyil - o, cəmiyyətin vicdanı, xalqın səsi, dövlətin informasiya qalxanı olmalıdır. 150 illik yubiley bizi sadəcə, tarixə qaytarmır - bizə gələcəyi düşünmək, daha güclü, daha məsuliyyətli, daha şəffaf bir media sistemi qurmaq üçün imkan verir. Həsən bəy Zərdabidən bu günə qədər - Zərdabidən Zəfərə qədər uzanan yol - milli sözün, azad düşüncənin və dövlətə bağlı informasiya savaşının yoludur.
Bütün media cameəsini bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edirəm.
“Bu, milli medianın dövlətçilik prinsipləri əsasında inkişafının ideal mexanizmidir”

AYDIN QULİYEV - “Bakı Xəbər” qəzetinin Baş redaktoru:
- Mediamızın dünəni ilə bugünü bir-birindən xeyli dərəcədə fərqlənir. Azərbaycan mediasının dünəni, yəni müstəqillik dövrünə qədər keçdiyi yol milli dəyərlər üzərində formalaşsa da, yad sosial-siyasi sferalarda fəaliyyət göstərməyə məcbur idi. Azərbaycan mətbuatı “Əkinçi”nin timsalında yad mühitlərdə yarandı, formalaşdı. Ancaq özü üçün doğma dəyərlər əsasında inkişafını müstəqillikdən sonra qazandı. Müstəqilliyin ilk illərində də mətbuat sahəsində bir xaos var idi. Media orqanlarının fəaliyyəti sistemli şəkildə tənzimlənmir, daha çox şəxsi təşəbbüskarlıq və entuziazma söykənirdi. 1990-cı illərin ortalarından başlayaraq, media sahəsində aparılan islahatlar, tədricən bu sahədə müəyyən nizam-intizamın yaranmasına gətirib-çıxardı və müstəqillik illərində ən böyük nailiyyət media üzərində dövlət himayəsinin bir institut kimi formalaşmasıdır. Bunun əsasını Ulu Öndər Heydər Əliyev qoydu və Prezident İlham Əliyevin hakimiyyəti dövründə inkişaf etdirildi, daha da təkmilləşdirildi. Azərbaycan mediasının müstəqillik dövrünə qədərki mərhələsi üçün əsas xarakterik istiqamət dövlət və medianın bir-birinə yad dəyərlərin üstündə yaşaması idi. Yəni həm sovet, həm də çarizm dövründə media və dövlət fərqli prinsiplərin üzərində fəaliyyət göstərirdi. İlk dəfə olaraq müstəqillik dövründə, xüsusilə 1990-cı illərdən başlayaraq, Azərbaycan mediası milli mətbuatçılıq və dövlətçilik prinsiplərinin üzvi şəkildə birləşdiyi mərhələ kimi xarakterizə oluna bilər. Bu gün də dövlətçilik sistemindən kənarda medianın inkişafını təsəvvür etmək çətindir.
Əslində, uzun illər bəzi siyasi mərkəzlər bizim kimi dövlətləri “mətbuatın ideal müstəqilliyi” anlayışı ilə aldadıblar. Bu, bizim kimi ölkələrdə medianı təsir altına almaq üçün ideoloji əsaslar yaratmağa hesablanıb. Medianın mütləq müstəqilliyi ilə bağlı deyilənlər Qərbin əlində bir alət idi. Buna görə də indiki şəraitdə Azərbaycan mediasının üzərində dövlət dəstəyi milli medianın dövlətçilik prinsipləri əsasında inkişafının ideal mexanizmidir. Bundan kənarda mexanizm düşünmək nə mümkündür, nə də buna ehtiyac var. Medianın dövlətlə birlikdə olmasının inkişaf üçün əlverişli yol sayıldığı, artıq Azərbaycanın timsalında sübut olunub. Bu gün dövlət və media arasında həll olunmayacaq heç bir problem yoxdur. Əksinə, dövlət siyasəti medianın inkişafı üçün yeni imkanlar açıb. Çap mediasından başlayan Azərbaycan mediası artıq ən müxtəlif seqmentlərlə zənginləşib - onlayn media, televiziyalar, radiolar, sosial şəbəkələr... Bütün bunlar Azərbaycanın informasiya məkanında dövlət gücünü təmin edən əsas amillərdir.
“O qəzetin ətrini, qoxusunu sevirəm...”

YUNUS OĞUZ - “Olaylar” qəzeti və eyniadlı saytın Baş redaktoru:
- Azərbaycan mediasının keçdiyi 150 illik tarixə nəzər salsaq, bu yol heç də hamar, hər zaman gözəl olmayıb. Bununla belə, Azərbaycan mətbuatının peşəkarları heç bir məhdudiyyət və çətinliklərə baxmayaraq, öz işinə, sənətinə xəyanət etmədən vicdanla çalışıb. Mən həm də bir çox böyük tarixi romanların müəllifi kimi tanınmağıma baxmayaraq, mətbuata, qəzetə, qəzetçiliyə xüsusi həssaslıqla yanaşmışam. Bu, peşə sevgisidir, mətbuat adamının peşəsinə olan sevgisi. Elə təkcə bu sevgimə görə 150 yaşa dolan Azərbaycan Milli Mətbuatımızı xüsusilə dəyərləndirirəm.
Mən hər gün qəzet köşkündən 5-6 qəzet alır, onların hər birinin səhifələrini vərəqləyir, oxuyuram. Bəlkə də o qəzetlərdə maraqlı heç nə yoxdur. Bununla belə, hər gün alıb-baxmasam, günə başlaya bilmirəm. O qəzetin ətrini, qoxusunu sevirəm. Bu, başqa bir duyğudur, gözəl hissdir. Bir çox hallarda jurnalistlər arasında buna “peşə xəstəliyi” sindromu da deyirlər. Amma xeyr, bu xəstəlik deyil, bu, öz peşəsinə olan sevgidir. İnanıram ki, peşəkar jurnalist fəaliyyəti ilə bağlı hansı problemlə üzləşməsindən asılı olmayaraq, bu sevgini yaşayır.
Digər sahələrdə olduğu kimi, mətbuatda da inkişafla yanaşı, həllini gözləyən məsələlər var. Elə bütün sahələr üzrə aparılan islahatlar, yeni reallıqlara gedən proses mətbuat sahəsində də özünü göstərir. Bu, mətbuat işçisini qorxutmur. Mətbuat elə bir sahədir ki, onun içində olan hər kəs onu bütün halı ilə qəbul edir, sevir.
Azərbaycan mediası qarşısında duran bütün problemlərə rəğmən, müstəqilliyini qazanan dövlətin əsas istiqaməti olaraq getdikcə güclənən Azərbaycanla birgə inkişaf mərhələsinə keçir. 150 yaşını qeyd etdiyimiz qocaman, lakin getdikcə yenilənən, dövrün reallıqları ilə səsləşməyə çalışan Azərbaycan Milli Mətbuatına ideoloji institut olaraq, daha təkmil, sözünə hakim, şəffaf, sağlam irəliləməyi arzu edirəm. Bütün həmkarlarıma öz peşəsindən təəssüf hissi ilə deyil, qürur, fəxarətlə danışmağı diləyirəm.
Bayramımız mübarək!
““Feyk xəbər”in çəkisini azaltmaq üçün müxtəlif addımlar atılır”

MÜŞFİQ ƏLƏSGƏRLİ - Mətbuat Şurası İdarə Heyətinin üzvü:
- 150 yaşını qeyd etdiyimiz Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir. Azərbaycan mediası həm də vətənpərvərdir, milli təəssübkeşlik hissi yüksəkdir. Son 30 il müddətində cəbhə xəttinə yollanan, Qarabağ həqiqətlərini işıqlandırmaq, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istəyən 11 media işçimiz fəaliyyətini yerinə yetirərkən şəhid olub. 80 nəfərə yaxın jurnalistimiz fiziki xəsarətlər alıb. Yəni, Azərbaycan mediası sözü, qələmi ilə informasiya məkanımızı qoruduğu kimi, yeri gələndə canı və qanı bahasına torpaqlarımızın keşiyində dayanır. Bu iki komponentin vəhdəti Azərbaycan mediasının simasını müəyyən edir. Dünyanı yenidən bölüşdürən, yeni bir nizam qurmağa çalışan güc mərkəzləri öz maraqları naminə informasiya manipulyasiyalarına yol verirlər. Akademik mərkəzlər qeyd edirlər ki, yaşadığımız dövrdə “Feyk xəbər”in çəkisi sürətlə artır. Qlobal informasiya dövriyyəsində onun həcmi 80 faizə yaxınlaşır. Dezinformasiya dünya üçün fəlakətə çevrilir. Ona görə də informasiya məkanımız kənar müdaxilələrdən qorunmalıdır, ictimai rəy sabit tutulmalı, düzgün istiqamətə yönəldilməlidir. Bu mənada milli informasiya resurslarının üzərinə böyük məsuliyyət düşür.
Sosial şəbəkə platformalarının sürətli inkişafı xəbər istehsalçılarının çeşidini artırıb. Hazırda dünya əhalisinin yarıdan çoxu sosial media istifadəçisidir. Bu göstərici təqribən, 5.7 milyard nəfərlə ifadə olunur. Azərbaycan seqmentində də mənzərə oxşardır. Son məlumatlara əsasən, ölkə əhalisi arasında sosial media istifadəçilərinin sayı 50 faizi ötüb. Belə bir şəraitdə Azərbaycan dövləti ölkəmizdə “feyk xəbər”in çəkisini azaltmaq üçün müxtəlif addımlar atır. Son 4 il müddətində verilən sistemli dəstəyə uyğun olaraq, Azərbaycanın peşəkar milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyub, milli informasiya məkanında tam söz sahibinə, həmçinin beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər. Azərbaycan mediası getdikcə daha da inkişaf edir və qlobal dünyanın informasiya sistemində ortaya çıxan məsələlərə aktiv yanaşır. Bu faktlar deməyə əsas verir ki, 150 yaşını qeyd etdiyimiz Azərbaycan mətbuatı yeni reallıqlara uyğun müasirləşir, operativ, dinamik enerji ilə davam edir.
Bayramınız mübarək!