Türkmənistan parlamenti tərəfindən təşkil olunan "Beynəlxalq Sülh və Təhlükəsizliyi Möhkəmləndirməkdə Parlamentlərin Rolu" adlı tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarında işğalçı olduğu həm beynəlxalq hüquqa, həm də bu hüququn təsis etdiyi qurumlara görə tam mənasında təsbitlənib.
Hafta.az-ın yazdığına görə, Şəntop bildirib ki, Türkiyə olaraq, hər kəsin təhlükəsizliyini təmin eləmək, bütün insanlığı sülh və sabitlik içində yaşatmaq üçün mübarizəni israrla davam etdirəcəklər. "BMT-nin və regional təşkilatların əhatələrini inkişaf etdirməsinə dəstək verməklə yanaşı, istəyən ölkələrlə də ikili səviyyədə inkişaf proqramları reallaşdırmaq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün sazişlər imzalanmaqdadır. Türkiyə bu sahələrdə hər cür əməkdaşlığa hazırdır. Türkiyə bu qənaətdədir ki, Ermənistan həm Azərbaycana, həm də bütün regiona ciddi təhlükə, risq yaradır, məsuliyyətsiz hərəkətlər edən bir dövlət rolu oynayır. Ermənistanın Azərbaycan torpaqlarında işğalçı olduğu, beynəlxalq hüquqa və bu hüququn təsis etdiyi qurumlara görə təsdiqlənmiş reallıqdır. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan əlavə, həm də Azərbaycanın haqlılığı ilə bağlıdır və regional sülh üçün təhdid yaradan bir ünsür qarşısında mövqe nümayişidir", - deyə TBMM sədri bildirib.