Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalmışdır. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranmışdı.
Artıq həmin tarixdən bir həftə keçməsinə baxmayaraq fond elektron müraciətlərin başlamasına start verməyib.
İpoteka və Kredit Zəmanət Fondundan hafta.az-a bildirdilər ki, məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub: “Hal-hazırda işlər gedir. Proses sınaq müddətindədir. Tam dəqiq tarix bilinmir. Bütün yekunlaşma işləri aparılsın, sınaq müddətləri uğurla tamamlansın, mətbuata bu barədə geniş məlumat veriləcək”.