Bu il yanvarın 6-da faciəvi şəkildə - yandırılaraq qətlə yetirilən Tovuz rayonun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qırx mərasimi öncəsi baş daşı qoyulub.
Bu barədə hafta.az-a açıqlamasında Nərmin Quliyevanın atası Şərif Quliyev deyib. Şərif Quliyev onu da əlavə edib ki, baş daşının bütün xərclərini Tovuz Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.
O, ağır günlərində ziyarət etdiyi, yanlarında olduğu üçün Quliyevlər ailəsi adından dövlət və hökumət nümayəndələrinə təşəkkür edib.

Yandırılaraq qətlə yetirilən Nərmin Quliyevanın atası fevralın 16-da qızının qırx mərasiminin keçiriləcəyini bildirib. Şərif Quliyev deyib ki, Nərminin qətlində ittiham olunan İlkin Süleymanov bu il martın 28-nə qədər həbsdə qalacaq.
Nərmin Quliyevanın atası bu barədə onlara Baş Prokurorluqdan məlumat daxil olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Onun cansız bədəni 47 gün sonra evlərinin yaxınlığındakı ərazidən yanmış vəziyyətdə tapılıb. Baş verən hadisə ölkə gündəmini zəbt edib.


