2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb

12:04 08.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Qismət” və “Şəhram” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektlərin sahibləri barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şadlıq saraylarında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibləri İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 4000 manat cərimə olunublar.