“Cəmiyyətdə bu cür qarşıdurma və parçalanma yaratmaq Türkiyə cəmiyyətinin və dövlətinin, onun təhlükəsizliyinin xeyrinə olacaq bir vəziyyət deyil. Türkiyənin indi qlobal səviyyədə söz sahibi olduğu, gücləndiyi bir məqamda, həm Avropa Birliyinin, həm ABŞ, həm də Türk Dünyasının Türkiyəyə ehtiyacının artdığı bir məqamda belə bir qarşıdurmanı tətikləyənlər Türkiyə dövlətinin təhlükəsizliyinə töhvə vermirlər. Buna görə də, ortada bir cinayət varsa, cəzanın olması mütləqdir. Əks təqdirdə, bu cəzalara göz yumularsa, bu, yeni cinayətlərə yol açacaq”.
Bunu hafta.az-a politoloq Natiq Miri Türkiyədə baş verənlərlə bağlı şərhində bildirib.
Politoloq qeyd edib ki, bu hadisələrin məhz indiki vəziyyətdə yaşanmasının siyasi yönləri də var.
“İmamoğlu CHP-nin vahid prezident namizədi kimi ortalığa çıxıb. Belə bir vəziyyətdə ilk təəssürat ondan ibarətdir ki, guya AKP hakimiyyəti özünə ciddi alternativi aradan qaldırır. Belə bir fikirlər ortada ola bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, ortada bir də ciddi cinayət tərkibli fəaliyyət var: 434 metro vaqonlarının alınması, yeni tramvay vaqonlarının və digər nəqliyyat formalarının təzələnməsi üçün dövlətdən böyük miqdarda kredit alınması üçün bələdiyyə sədri İmamoğlu dövlətə xahiş edib. Bu xahiş qəbul olunub. Həbsdən sonra maliyyə araşdırmaları göstərir ki, alınan vəsaitə baxmayaraq bir dənə də olsun nə metro vaqonu, nə də tramvaylar alınmayıb. Pullar hara xərclənib, bunları məhkəmə araşdırması ortaya qoyacaqdır. Bu, yeganə iş deyil, 10-larla belə işlər var ki, bu məsələ də şəbəkə formasında həyata keçirilir. Milyardlarla vəsait mənimsənilib, rüşvət şəklində alınıb, eyni zamanda təzyiqlər formasında bir çox şirkətlərdən böyük pullar tələb olunub. Bunlar hamısı cinayət tərkibli korrupsiyadır. Düşünürəm ki, daha da irəli getməmək üçün hər kəsin məhkəmə araşdırmasını gözləməsinə ehtiyac var. O vaxta qədər də hər kəs Türkiyə dövlətinin mövqeyini və təhlükəsizliyini göz önünə almalıdır. Bu etirazlardan istifadə edən daxili və xarici şəbəkələr var ki, prosesi tamamilə fərqli bir müstəviyə yönəltmək istəyir və hakimiyyəti zorla devirməklə yeni idarə olunan bir kukla rejimi təmin etmək istəyirlər. Yəni əski Türkiyəyə dönüşü təmin etmək istəyən qüvvələr var”.
N.Miri qeyd edib ki, Türkiyədə baş verənlər konkret cinayət əməli ilə əlaqədardır və ittihamlar da bəllidir. Onun sözlərinə görə, bu ittihamların nə qədər doğru olub-olmadığı ədliyyə sistemində araşdırılmalıdır.
“Əgər bu ittihamlar ortada varsa, bunun sübut olunmasına ehtiyac var və bu yöndə çox ciddi dəlillərin olduğu aşkardır. Yəni ortada çox ciddi bir şəbəkə və bu şəbəkənin törətdiyi cinayətlər var. Paralel terrorla əməkdaşlıq, işbirliyi kimi ittihamlar da var. Doğrudur, məhkəmə həbslə bağlı konkret qərar vermədi, daha çox bunu korrupsiya ilə əlaqələndirdi. Ancaq bu yöndə də məsələləri bitmiş hesab etmək olmaz. Çünki konkret baş verən etirazlar fonunda həbs qərarı həm də terrorla bağlı olmuş olsaydı, o zaman hakimiyyət İstanbul bələdiyyəsinə bir idarətmə üçün yeni qəyyum, yeni idarəedici təyin etməliydi. Bu da yeni təlatümlərə gətirib çıxara bilərdi. Düşünürəm ki, hələlik ən azından bu etirazların, bu alovun üstünə körüklə gedilmədi. Ancaq perspektivdə terrorla bağlı da konkret dəlillər ortaya çıxma ehtimalı var. Bunu ona görə deyirəm ki, ən azından son üç seçkidə, yəni Prezident, Parlamet və Bələdiyyə seçkisində CHP-nin bütün aldığı səslərdə PKK terrorçularının və onun siyasi qolu olan HDP-nin ciddi iştirak etdiyini hər kəs bilir. İmamoğlunun bələdiyyə sədri kreslosunda oturmasında PKK-nın, kürdlərin verdiyi səsin ciddi rolu olub. Və zaman-zaman bu, HDP-nin liderləri tərəfindən də dilə gətirilib. Bunun qarşılığı olaraq bəzi kürdlərə müxtəlif bələdiyyələrdə vəzifələrin verildiyi hər kəsə bəllidir. Sonradan hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində bu şəxslərin məhz PKK terror təşkilatının üzvü olduğu bəlli olub. Bu kontekstdə bir də çox ciddi maliyyə ayırmaları söhbət predmetidir. Bu məsələlər də sübut olunarsa, bu, daha ciddi bir şəkil alacaq. Düşünürəm, bütün bu etirazlar sadəcə məhkəmənin araşdırmasının nəticələrini gözləməkdənsə, daha çox hakimiyyətə və məhkəməyə təzyiq xarakterli daşıyır ki, bu da doğru deyil”.