“İmişlidəki 9 may təxribatı Rusiya xüsusi xidmət orqanlarının hazırladığı əməliyyat olub...”

11:31 17.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bu adam görün necə rahat şəkildə bu dövlətə, dövlətçiliyə qarşı təxribatla dolu bu tədbiri keçirib, buna hazırlıq görüb...”

“Azərbaycanda kimsə o “Georgi” lentini asanlıqla və çəkinmədən əldə edə və tədbir iştirakçılarına paylaya bilərmi? Xeyr, bu da mümkün deyil. Bax, bütün bu dediklərim göstərir ki, İmişlidəki 9 may təxribatı Rusiya xüsusi xidmət orqanlarının hazırladığı əməliyyat olub. Bu, təxribat əməliyyatı olub. Məqsəd  mesaj verməkdir. Hansı mesajları verməkdir? Zənnimcə, xüsusi aydınlıq gətirməyə ehtiyac yoxdur. Moskvada keçirilmiş son “qələbə” paradıyla bağlı Azərbaycandan nümayiş olunan münasibəti unutmayaq”.

Bu fikirləri hafta.az-a açıqlamasında mayın 9-da İmişli rayonunun Saruxanlı kəndində keçmiş SSRİ bayrağı və Rusiya imperializiminin rəmzi olan “Georgi” lentlərinin müşayiəti ilə təşkil edilmiş təxribata münasibət bildirərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.

“İmişlidə keçmiş SSRİ bayrağı və “Georgi” lentləri ilə müşayiət olunan məlum hadisə, hesab edirəm ki, Azərbaycan dövlətinə bir xəyanət kimi qiymətləndirilməlidir. Və həmin tədbiri təşkil edən o ağsaqqal sayılan şəxsin davranışı, hərəkətləri, onun sonrakı reaksiyaları özü də göstərir ki, adam bunu çox arxayın şəkildə edibdir. Belə görünür ki, o nəyəsə güvənir, nəyəsə arxayındır. Və şəkinmədən hətta işğalçı Rusiyanın, işğalçı SSRİ-nin dövlət rəmzlərini Türkliyənin dövlət rəmzləri ilə müqayusə edir...

Burada sual olunur ki, həyatı boyu Azərbaycanda məmur vəzifələrində çalışmış bir adam, hansısa naməlum yollarla böyük sərvətə malik olmuş bir şəxs bu cəsarəti haradan, kimdən alır ki, etdiyi bu xəyanətkar davranışa görə, heç olmasa, nəyinsə yanlış olduğunu demək əvəzinə, əksinə, özünün haqlı olduğunu sübut etməyə çalışır və ölkədə müzakirə üçün sanki bir mövzu ortaya atır ki, niyə Azərbaycanda SSRİ-nin, işğalçı Rusiyanın dövlət rəmzləri nümayiş etdirilə bilməz, amma Türkiyə bayraqları hər yerdə ola bilər.  Adam bunu anlamırmı? Hesab edirəm ki, anlayır, amma bilərəkdən açıq, etinasız, cəmiyyətə hörmətsiz şəkildə belə bir reaksiya verir. O bunları bilərəkdən edir. Səbəb də nədir? Təbiiki, arxasındaduranlarvar”, - bunları söyləyən ekspert hesab edir ki, sözügedən təxribatın təşkil edilməsində Rusiyanın Azərbaycandakı “5-ci kalon”u da böyük rol oynayıb.

“Biz illərdir, deyirik ki, Azərbaycanda Rusiyanın “5-ci kalon”u mövcuddur. Və həmin “5-ci kalon” Azərbacyan xalqına, dövlətinə qarşı saysız-hesabsız cinayətlərin arxasında dayanır. O cümlədən məlum Tərtər qətliamının da... Mən çox-çox misallar gətirə bilərəm. Eləcə də II Qarabağ savaşının başlanğıcında törədilmiş təxribatları... Hansılarınkı nəticəsində Azərbaycan ordusu buna heç bir əsas olmadan yüzlərlə şəhid verdi. Bu birmənalı şəkildə xəyanətin nəticəsi idi. Amma arxasında ciddi faktlar dayanan bu bəyanatlara, bu çağırışlara, bu araşdırmalara baxmayaraq, təəssüf ki, belə təxribatlar müvafiq qurumların diqqətini çəkmir ki, bəlkə doğrudan da,  ölkədəki Rusiya “5-ci kalonu”yla mübarizə aparmaq lazımdır...

 

Eyni zamanda, Azərbaycanın sərnişin təyyarəsini vuran, onlarla Azərbaycan vətəndaşının qətlinə səbəb olan, dövlətimizin müstəqilliyini açıq şəkildə təhdid edən, SSRİ-nin bərpasını özünün hədəfi kimi göstərən Rusiya dövlətinin Azərbaycandakı fəaliyyəti heç bir zaman məhz ölkəyə təhlükə yaratmaq kontekstində gündəmə gətirilmir. Gəlin görək, İmişlidəki məlum olayı bir nəfər, yaxud 3-5 nəfər özbaşına təşkil edə bilərdimi? Ölkədə müvafiq qurumlarla razılaşdırmadan kimlərsə toplaşıb aksiya keçirə bilərmi? Xeyr, bu, qeyri-mümkündür. Amma bu adam görün necə rahat şəkildə bu dövlətə, dövlətçiliyə qarşı təxribatla dolu bu tədbiri keçirib, buna hazırlıq görüb”, -deyə analitik diqqətə çatdırıb.

“Digər adi bir sual meydana çıxır: Azərbaycanda kimsə o “Georgi” lentlərini asanlıqla və çəkinmədən əldə edə və tədbir iştirakçılarına paylaya bilərmi? Xeyr, bu da mümkün deyil. Bax, bütün bu dediklərim göstərir ki, İmişlidəki 9 may təxribatı Rusiya xüsusi xidmət orqanlarının hazırladığı əməliyyat olub. Bu, təxribat əməliyyatı olub. Məqsəd  mesaj verməkdir. Hansı mesajları verməkdir? Zənnimcə, xüsusi aydınlıq gətirməyə ehtiyac yoxdur. Moskvada keçirilmiş son 9 may “qələbə” paradıyla bağlı Azərbaycandan nümayiş olunan münasibəti unutmayaq. Biz unutsaq da, Rusiya bunu unutmayacaq. Bu mənada hesab edirəm ki, məsələyə cavabdeh qurumların heç bir münasibət bildirməməsi özü də çox simptomatikdir və hətta simvolikdir. Ona görə ki, hakimiyyətə yaxın bir sıra media qurumlarının da ortaya qoyduğu kimi, Rusiyanın “5-ci kalon” nümayəndələri yuxarılara da doluşublar. Və İmişlidə SSRİ imperiyasının bayrağını qaldıranlar yalnız mərkəzdən himayə olunduqlarına arxayın olduqları halda belə bir anti-Azərbaycan davranışını özlərinə rəva görə və sonradan da ona çox açıq, etinasız və cəsarətli şəkildə bəraət qazandıra bilərlər. Onlar yaxşı bilirlər ki, tapşırıq Rusiyadan verilibsə belə, Azərbaycan dövləti tədbir görəcəyi halda Kreml onları müdafiə edə bilməz. Deməli, onları Azərbaycanın özündən müdafiə edənlər var.  Odur ki, məsələ məhz o tərəfdən araşdırılmalıdır”- deyə ekspert vurğulayıb.