“Biz ötən 35 il ərzində dörd fərqli müharibədən keçmiş bir ölkəyik, ona görə də sülhün dəyərini ən yaxşı ölkəmiz anlayır. Biz Gürcüstanda sülhün möhkəmləndirilməsi üçün hər şeyi edirik və bu çox vacibdir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dayanıqlı İnkişaf üzrə Tbilisi Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, son illər ərzində edilən böyük təzyiqə baxmayaraq, hakimiyyət Gürcüstanda nəinki sülhü qoruyub saxlaya bilib, həm də ölkə davamlı şəkildə regionda da sülhün dəstəklənməsinə nail olur.
“Bu, ölkəmiz üçün çox vacib tədbirdir və şadıq ki, on dördüncü dəfə belə bir tədbirdə çox yüksək səviyyəli qonaqlara ev sahibliyi edirik. Builki konfransın mövzusu da son dərəcə vacibdir – bu, ölkənin davamlı sosial-iqtisadi inkişafı və ümumilikdə, dünyanın davamlı sosial-iqtisadi inkişafı üçün sülhün roludur. Biz ötən 35 il ərzində dörd fərqli müharibədən keçmiş bir ölkəyik. Ona görə də sülhün qiymətini ən yaxşı ölkəmiz anlayır. Ötən bir neçə il ərzində ölkəmizə çox böyük təzyiqlər olub, amma biz sülhü qoruyub saxlamağı bacardıq. Həm də tək bununla kifayətlənmirik, eyni zamanda regionda sülhün dəstəklənməyi bacarırıq ki, bu da Gürcüstanın inkişafı üçün çox vacibdir. Geniş bölgəmizdə müxtəlif növ çətinliklər mövcuddur və bu şəraitdə Gürcüstan illər ərzində, sülhün inkişafında müsbət rol oynayıb. Bugünkü dünya çox böyük çağırışlarla doludur. Xüsusilə sülh məsələsinə gəldikdə, bölgəmizdə davam edən müharibələrlə üzləşirik, ətrafımızda, təəssüf ki, bir neçə müharibə var və belə bir vəziyyətdə sülhdən danışmaq vacibdir”, – baş nazir deyib.