Qərbin iqtisadi sanksiyaları üzündən İranda ticarət edə bilməyən küçə satıcıları mallarını İraqda satmağa çalışırlar. Onların toyuq əti, yumurta, yağ və məişət əşyaları kimi əsas malları aşağı qiymətə satmaq üçün İraqa apardıqları bildirilir.
Hafta.az-ın AFP-ya istinadən yazdığına görə, iranlı satıcılar sərhəddəki Bəsrə şəhərindəki böyük cümə bazarına axın edir. Yalnız soyadının açıqlanmasını istəyən Ələvi uzun müddətdir İranda satış edə bilmədiyini və son 7 ildə çətinlik çəkdiyi üçün Bəsrəyə getdiyini deyib.
36 yaşlı satıcı deyib ki, qazandığı İraq dinarlarını İran rialına çevirməklə bəzən bir həftə işləmədən dolana bilir.
17 yaşlı Milad və anası son iki ildir Bəsrədə ev əşyaları satırlar. Ölkələrində vəziyyətin daha da pisləşəcəyindən qorxaraq bu yaxınlarda kiçik bir mağaza icarəyə götürüblər. Soyadını açıqlamaq istəməyən Milad "İranda iş tapmaq çətindir və valyuta zəif olaraq qalır" deyib.
Londonda yerləşən Chatham House analitik mərkəzindən Heydər Şakəri bildirib ki, qeydiyyatdan keçməmiş transsərhəd ticarət “son on ildə İrana qarşı sanksiyaların gündəlik həyata daha çox təsir etdiyi üçün əhəmiyyətli dərəcədə artıb”.
İraqlı riyaziyyatçı professor Əbu Əhməd deyib ki, o, hər cümə günü bazara gedir və iranlı satıcılardan alış-veriş edir. 55 yaşlı alim İran məhsullarının daha ucuz olduğunu qeyd edib.
Digər tərəfdən, iraqlı dükançılar iranlı satıcıların Bəsrəyə axınından məmnun deyillər.
Şakəri deyib ki, İraq polisi bəzi iranlı küçə satıcılarını bazardan uzaqlaşdırıb.
Beş uşaq anası olan 47 yaşlı Umm Mansur deyib ki, o, 6 ay əvvəl məhsul satmaq üçün Bəsrəyə gəlib, lakin İraq sərhədində polis onu “təhqir edib və pis rəftar göstərib”. Amma o, İranda çətin günlər keçirdiyi üçün bunlara əhəmiyyət verməməyə çalışdığını bildirib: “İranda dolanmaq üçün heç bir yol yoxdur”.
ABŞ prezidenti Donald Tramp “maksimum təzyiq” siyasəti ilə İrana qarşı sanksiyaları davam etdirir. İran və ABŞ rəsmiləri Omanın vasitəçiliyi ilə danışıqlara başlayıb. Tehran Vaşinqtondan sanksiyaları ləğvini tələb edir.