Münaqişələr zamanında həll olunmadıqda sonu bataqlığa çevrilir. Ordan isə nə münaqişə tərəfləri, nə də bu məsələyə qarışmaq istəyənlər çıxa bilir. Eynilə İsrail - Fələstin problemində olduğu kimi. 1947-ci ildən üzübəri həll olunmadan ildən-ilə, gündən-günə dərinləşən münaqişə 74 ildir məsum insanların canını almaqdadır. Biganəlik 1967-ci ildə məşhur “6 günlük müharibə” ilə nəticələndi, İsrail sərhədlərini genişləndirdi, 1947-ci ildə BMT tərəfindən bəlli sərhədlər daxilində yaradılması planlanan Fələstin nəinki müstəqil, heç muxtariyyətini də ala bilmədi. Əlbəttə, sözdə muxtariyyəti var, dünyanın səhv etmirəmsə, 100-dən çox ölkəsi də tanıyıb Fələstini. Dünya tərəfindən tanınırsa, o zaman İsrailin timsalında qonşu ölkənin nə işi var tanınan bir dövlətin ərazisində?

İndi bir çoxları deyə bilər ki, İsrail Azərbaycanın yanında olub hər zaman. Razıyam: İsrail bizi dəstəkləyib, buna görə sağ olsunlar, biz də hər bir azərbaycanlı olaraq bu yaxşılığın əvəzini çıxmağa hazırıq. Ən azından, tarix boyu Azərbaycan həm də yəhudilərin vətəni olub və olacaq da. Biz onları özümüzdən ayırmırıq və ayırmayacağıq. Amma burada söhbət bir ölkənin başqa ölkəyə hücumlarından gedir. Əl-Aqsa məscidi İslam dünyasının, o cümlədən biz azərbaycanlıların ən müqəddəs saydığımız 3 dini məkandan biridir. Amma bir azərbaycanlı olaraq heç vaxt Qüdsə gedib bu məscidi dini müstəvidə də olmasa, heç olmaya bir turist kimi ziyarət edə bilmirik. Səbəb nədir, ora getmək üçün münaqişə həll olunmalıdır, dəqiq bilməliyik ki, Qüdsə hansı yolla və necə getməliyik.
Yenə qayıdaq münaqişənin acı nəticəsinə, məndəki məlumata görə may ayının 10-dan indiyədək toqquşmalarda Fələstin tərəfindən 212 mülki şəxs həlak olub. Onlardan da 100-ü uşaq və qadındır. Əlbəttə, İsrailin də itkisi var: 1 nəfəri uşaq olmaqla 10 nəfər və ya öldürülən fələstinlilərdən 21 dəfə az. Təki az olsun və hətta heç olmasın – bütün ölüm-itimlərə qarşıyam. Ümumiyyətlə, münaqişə və müharibələrin əleyhinəyəm, bütün millətlər və ölkələr qardaşlıq içində yaşasınlar istəyirəm. Bəs niyə yaşaya bilmirlər, kim qoymur, kimin marağı var qardaşlığın yaranmamasında? Bizdə bir el sözü var, hansısa problemdən söz açanda deyirlər ki, ingilis barmağı var orda. Necə ki, Fələstin problemini də vaxtilə ingilis yazıb-yaradıb (İngiltərənin o vaxtkı XİN başçısı Lord Balfur) – Kəşmir münaqişəsi kimi.

Hə, bu arada, Beynəlxalq Məhkəmə var, tez-tez eşidirik ki, hansısa ölkəyə cərimə cəzası kəsib, hansısa ölkənin iqtidarına qarşı çıxanları dəstəkləyib və sair. Düzdür, son 30 ildə bircə dəfə Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyi, 1 milyondan artıq insanı ev-eşiyindən qovduğu, 10 minlərlə insanı şəhid etdiyi və hətta Xocalı soyqırımını törətdiyinə görə cəzalandırmayıb, amma Fələstin münaqişəsinə ötəri də olsa mövqe bildirib. Əlbəttə, kimisə ittiham etməyib, sadəcə bəyanat verib ki, Qüdsdə və Qəzzada ölüm hallarının artmasından narahatdır. Sağ olsun İsraili, tez bəyan edib ki, Məhkəmə öz işi ilə məşğul olsun, onların İsrailə söz demək səlahiyyəti yoxdur və sair. Doğru cavabdır: Beynəlxalq Məhkəmə indi ayıldımı yuxudan və gördü ki, Fələstində insanlar qətlə yetirilir? Doğrudan da ədalətliydisə, mövcud olduğu dövrdə bütün münaqişələrdə haqlı mövqeyini ortaya qoyardı...
Bu gün Azərbaycanda insanlar sosial şəbəkələr müstəvisində ikiyə bölünmüş durumdadır. Bir qrup deyir ki, İsrail dostlarımızdır, torpaqlarımızı işğaldan azad etmək üçün bizə kömək edib. İkinci qrup isə müsəlman həmrəyliyi müstəvisində yanaşır problemə və orada nə baş verirsə, İsrailin bütün İslama hücumu kimi dəyərləndirir.
Hər iki qrupun mövqeyi başadüşüləndir, sadəcə yanaşma yanlışdır. Düzdür, İsrail bizi ilk başdan dəstəkləyib, amma İsraildə qondarma erməni soyqırımına əzəmətli abidə də qoyulub. Bundan başqa, bəziləri deyir ki, İsrail silah satıb, bizdən pul qazanıb. Əslində, tarix boyu müharibələri silah istehsal edən şirkətlər məhsullarını satmaq üçün yaradıblar. Amma o da həqiqətdir ki, bu gün Qərb silah satışından siyasi məqsədlər üçün istifadə etməyə başlayıb. Məsələn, qardaş Türkiyə PKK terrorçularına qarşı əməliyyata başlayan kimi bütün Qərb ölkələri Ankaraya silah satışına yasaq qoydu. Bu prizmadan yanaşanda, Azərbaycan Ermənistana qarşı, fərqi yoxdur ədalətlidir, ya yox, savaşdığı halda silahı hardan alacaqdıq? Ümumiyyətlə, bizə silah satılacaqdılarmı? Amma İsrail bu yanaşmanı bir kənara qoyub istədiyimiz ən müasir silahı bizə verdi. Xaricdəki yəhudi diasporları da müstəqillik tariximizdə hər zaman yanımızda olub. Hətta 44 günlük Vətən müharibəsi zamanı ermənilər Gəncəni raketlə vurarkən, ora ilk gedən, zərərçəkmişlərlə görüşən, həlak olanların xatirəsinə dağıntılar üzərinə bir dəstə gül qoyan bizim çox arxalandığımız bir çox müsəlman ölkəsinin yox, məhz İsrailin Bakıdakı səfiri oldu.

İkinci qrupun yanaşmasına gəldikdə, bəli, müsəlmanlar arasında həmrəyliyin olmasını cani dildən arzu edərdik, amma bu mümkündürmü, əlbəttə yox. Çünki bu ölkələrin bir çoxu kralların şəxsi maraqları və ya Qərbdəki ağaların sifarişi əsasında idarə edilir. Elə götürək 44 günlük Vətən müharibəsini, qardaş Türkiyə, Pakistan və Əfqanıstandan başqa hansı müsəlman ölkəsinin Azərbaycana açıq dəstək verdiyinin şahidi olduq, heç birinin. Hansı ki, xristian Ukrayna, xristian Macarıstan, kotoliklərin mərkəzi olan İtaliya və günümüzdə çoxlarının “İslam düşməni” adlandırdığı İsrail bizi dəstəkləyirdi və buna görə tarix boyu xalqımız həmin ölkələrə sayğılı olacaq, yaxşılığını unutmayacaq. Biz bu 44 gün ərzində daha çox az qala əhalisinin yarısı azərbaycanlı olan İranı, İslan dünyasının mənəvi mərkəzi olan Səudiyyə Ərəbistanını, siyasəti də, mənəvi dəyərləri də ticarətə, pula dəyişən Körfəz ölkələrini, Ərəb dünyasının ən böyüyü olan Misiri (düzdür, Misir ermənilər Tovuza hücum edərkən açıq-aşkar Azərbaycanı dəstəkləmiş, Ermənistandan hücumları dayandırmağı tələb etmişdi), dünyanın əhalisinin sayına görə 4-cü ən böyük və eyni zamanda, müsəlman dövləti olan İndoneziyanı, heç uzağa getməyək, dilimiz, qanımız-canımız bir Orta Asiya türk dövlətlərini yanımızda görmək istəyirdik. Amma bu arzumuzu gözümüzdə qoydular. Bu mənada münaqişə meydanındakı fələstinlilərin timsalında, müsəlman olduqları üçün siyasətimizi onlara uyğun düzənləməmizi tələb etmək yersizdir. Ən əsası, hər kəsə dini inancına görə yox, məhz insan olmasına görə dəyər verməliyik. Bu mənada israilliləri yəhudi olduqları üçün hər fürsətdə ancaq tənqid edə bilmərik. Düzdür, fələstinlilər də insandır və bayaq da qeyd etdim ki, vaxtında çözülməyən bu münaqişə qeyd-şərtsiz araadan qaldırılmalıdır ki, heç kim ölməsin, heç kim əzizinin itkisinə ağlamasın. Bu gün min illərlə bir yerdə bərabər yaşamış yəhudilərlə fələstinlilərə dost, qardaş olaraq birlikdə iqtisadiyyatlarını, insanlarının sosial həyatlarını inkişaf etdirmək yaraşır. Əlbəttə, İsrail də başda Əl-Aqsa olmaqla, məscid və digər dini məbədlərə hücum etməməli, bu addımı atarkən düşünməlidir ki, Əl-Aqsa yalnız fələstinlilərin yox, həm də yəhudilərlə dost olan başqa müsəlmanların, o cümlədən mənimdir...