Əfqanıstan İslam Əmirliyinin Pakistandakı keçmiş səfiri Molla Əbdüssəlam Zaif Ukrayna prezidenti Vladimir Zelenskiyə Ağ Evdə göstərilən münasibəti dəyərləndirib.
Hafta.az-ın yazdığına görə, Zaif bildirib ki, Zelenski ölkəsini Avropa və Amerikanın maraqları naminə məhv edərək onu ianələrdən asılı vəziyyətə salıb.
Sosial mediada verdiyi açıqlamada Zaif bu vəziyyətin nəticələrinə diqqət çəkib və Zelenskinin “bu yaxınlarda böyük hörmətsizlik göstərilərək Ağ Evdən qovulduğunu” bildirib.
Molla Zaif ABŞ-ın müttəfiqlərinə də müraciət edərək bildirib ki, bu hadisə ABŞ-a yaxın siyasi dairələr və ölkələr üçün mühüm dərs olmalıdır.
Xatırladaq ki, Ukrayna lideri Zelenski ABŞ-a səfəri zamanı Ağ Evdə prezident Donald Tramp və digər rəsmilərlə görüşüb. Oval kabinetdə keçirilən görüşdə Zelenski ağır tənqidlərə məruz qalıb və görüş zamanı böyük mübahisə yaranıb. Müzakirələrdən sonra Zelenski ABŞ-la gözlənilən razılaşmanı imzalamadan Vaşinqtonu tərk edib.