Çin tariflərə görə Boeing təyyarələrini geri göndərir, ABŞ şirkəti isə istehsalı tamamilə dayandırmaqla hədələyir.
Hafta.az-ın yazdığına görə, Boeing-in baş direktoru Kelli Ortberq Çin hava yollarına göndərilən iki təyyarənin geri qaytarıldığını açıqlayıb. O, üçüncü təyyarənin tezliklə ABŞ-a qaytarılacağını bəyan edib.
Ortberq CNBC-yə bildirib ki, bu il Çinə göndərilməsi planlaşdırılan toplam 50 təyyarə tədarüklərinin ləğv edilmə riski altındadır. Boeing CEO, Çinli müştərilərin tədarükləri qəbul etmək istəmədiyini söyləyib.
Baş direktor, çatdırılmamış təyyarələrin müxtəlif müştərilərə göndərilə biləcəyini ifadə edərək, Pekin administrasiyası üçün təyyarə istehsalının dayandırıla biləcəyinə işarə edib: “Təyyarəni almayacaq müştərilər üçün istehsalı davam etdirməyəcəyik. Məhsulu istəyənə yenidən satacağıq”.
“The Wall Street Journal” yazır ki, Boeing-in Çinə təyyarə göndərməsini dayandırmaq qərarı Pekin hökumətinə "böyük zərbə" olacaq. Hesabatda kommersiya təyyarələri üçün demək olar ki, yalnız Boeing və Avropanın Airbus şirkətlərinə güvənən Çinin çətinliklərlə üzləşə biləcəyi qiymətləndirilir.
Dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı ticarət müharibəsi, xüsusən də aviasiya sektoruna ziyan vura bilər. Çünki aviaşirkətlər öz donanmalarını yeniləməyə çalışırlar.
Vaşinqtonla Pekin arasında yeni ticarət müharibəsi Trampın aprelin 2-də elan etdiyi tariflərlə başlayıb.
ABŞ-la Çin arasında cavab tarifləri nəticəsində Vaşinqton Pekinə tətbiq etdiyi vergi dərəcəsini 145 faizə qaldırıb. Çin də bu yaxınlarda tarif dərəcəsini 125 faizə yüksəldib. Trump, digər ticarət tərəfdaşları üçün əlavə tariflərin 90 günlük dayandırıldığını açıqlayıb.