ABŞ konqresmenlərinin Azərbaycana növbəti “hərbi əsir” həmləsi

16:07 11.03.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresi II Qarabağ savaşından sonra Azərbaycan ərazilərinə soxularkən həbs edilən 60-dan çox diversant qrupun azad olunması, geri qaytarılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Konqresmenlər Azərbaycana qarşı sanksiyanın qəbul olunmasına çalışır. Bir çox ekspert bu məsələnin Paşinyanla ABŞ dövlət katibi arasında baş tutan telefon danışığından sonraya təsadüf etdiyini bildirib. ABŞ Konqresinin Azərbaycanda həbsdə olan 60 diversantın hərbi əsir kimi Ermənistana təhvil verilməsi ilə bağlı maraqlarının arxasında nə dayanır?

Politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığına diqqət çəkərək, bu təşəbbüsün İrəvandan gəldiyini  və hərbi əsirlərlə bağlı müzakirələrin bundan əvvəl başladığını deyib.

Politoloq bildirir ki, Nikol Paşinyan Entoni Blinkeni dövlət katibi vəsifəsinə təyin olunması münasibətilə təbrik edəndən sonra hər zaman olduğu kimi danışdığı tərəflə “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib:

“Böyük ehtimalla, Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib. Digər tərəfdən, Nikol Paşinyan növbəti yaltaq cümlə işlədərək ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib. Halbuki vasitəçilərin turist səfərlərini nəzərə almasaq, ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır. Daha sonra Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib. Bununla Blinken faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər. Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dollar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər. Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək. Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir”.

E.Şahinoğlu bildirib ki, Paşinyanın yalvarışlarına, yaltaqlığına baxmayaraq ABŞ Konqresi “hərbi əsir” adı ilə diversantların geri qaytarılması ilə bağlı Azərbaycana heç bir təsir göstərə bilməz. Onun sözlərinə görə, erməni konqresmenlərin qaldırdığı bu məsələ müəyyən bir qrup tərəfindən həyata keçirilir:

“Biz dəfələrlə demişik ki, 10 noyabrdan sonra ələ keçirilən bir qrup erməni terrorçusu bizim üçün hərbi əsir sayıla bilməz. 10 noyabr bəyanatına görə rus hərbçilərinin bölgəyə daxil olması ilə paralel erməni silahlı qüvvələri bölgəni tərk etməlidir. 10-na qədər əsir dəyişdirilib, amma 10-dan sonra artıq hərbi əsrilərlə bağlı razılaşma pozulub. Əslində Azərbaycan bu məsələni dünya ictimaiyyəti qarşısında qaldırmalıdır. Eləcə də biz dünya ictimaiyyətinə minalanmış ərazilərlə bağlı xəritələrin verilmədiyini çatdırmalı və ermənistan qarşısında qəti məsələ qaldırılmasını tələb etməliyik. Amma biz yenə də ermənipərəst konqresmenlərin daha fəal olduğunu dörürük”.

Politoloq hesab edir ki, belə bir şəraitdə Azərbaycanın xarici ölkələrdəki səfirləri, eləcə də diasporalar minalanmış xəritələrlə bağlı çıxışlar etməli, dünyanın diqqətini buna yönəltməlidir:

“Amerikanın bölgədə elə bir nüfuzu qalmayıb. Dəfələrlə bizə qarşı belə sənədlər qəbul ediblər. Bunun başında isə 1992-ci ildə Azərbaycana qarşı qəbul olunan 907-ci düzəlişi qeyd etmək olar.  Amma buna baxmayaraq  Azərbaycan əleyhinə qərarlar qəbul etməkdə maraqlı olan ölkələrdəki səfirlərimiz, o cümlədən ABŞ-da, Fransada, Hollandiyadakı səfirlərimiz fəal olmalıdırlar.  Azərbaycanın haqlı mövqeyini dünyaya izah etməlidirlər. Biz hər dəfə şikayətlənirik ki, ermənipərəst konqresmenlər Azərbaycana qarşı çıxır. Nəyə görə bir dəfə də olsun Azərbaycanpərəst konqresmenlər durub demir ki, ermənilər minalanmış ərazilərin xəritəsini niyə vermir. Yaxud, nəyə görə Ermənistanın rəsmiləri Azərbaycana qarşı ağzına gələni danışır, amma bizim Xarici işlər Nazirliyi bunlara qarşı cavab vermir. Azərbaycan hər bir görüşdə, tədbirdə minalanmış ərazilərin qaytarılması məsələsini qaldırmalıdır. Bizim nazir bütün görüşlərdə minalanmış ərazilər məsələsini qaldırmalıdır. Bizim fəaliyyətimizdə də zəiflik var. Düşmənə qarşı qabaqlayıcı addımlar atmalıyıq”.

Politoloq bildirir ki, Amerikanın Qafqazda təsir alətləri yoxdur.  Türkiyənin bölgədə yerləşməsini Rusiya artıq qəbul edib. Artıq bölgədə iki əsas oyunçu güc var:

“Türkiyə Cənubi Qafqazda yerləşdi, Amerika da bunu anlayır və buna mane ola bilməz, Ermənistanın əli ilə müharibə apara bilməz. Ermənisanda xaosdur, elə güclü dövlət deyl ki, onun əli ilə bölgəni qarışdırsın. Türkiyəni bölgədən çıxarmaq mümkün olmayacaq. Bunda Rusiya, İran, Gürcüstan da maraqlıdır. Hətta Paşinyn özü də bunda maraqlıdır. Hələlik Ermənistandakı vəziyyətə görə əl-qolu bağlıdır. Bir müddət keçəcək, 10 Noyabr bəyanatını yerinə yetirməyə məcbur olacaq”.

Politoloq mövcud geosiyasi reallıqlar fonunda Konqresdə qəbul olunacaq hər hansı bir sənədin təsir gücünə sahib olmayacağını deyib. Onun sözlərinə görə, Konqresdə qəbul olunan ermənipərəst sənəd yalnız Amerikanın özünə zərər verəcək və bu, Azərbaycanla  aralarında məsafənin saxlanılmasına səbəb olacaq.