“Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir” - Zurab Pataradze

11:10 15.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib ki, prezident Mixeil Kavelaşvilinin səfəri zamanı regional təhlükəsizlik, mədəni-humanitar və iqtisadi məsələlər müzakirə olunacaq.

Hafta.az-ın yazdığına görə, diplomat bildirib ki, Mixail Kavelaşvilinin səfəri iki ölkə arasında münasibətlərin canlanmasına və möhkəmlənməsinə töhfə verəcək.

"Bu gün Gürcüstan prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir. Proqram iki günlükdür. Bu gün bir sıra protokol və mədəniyyət proqramları nəzərdə tutulub. Cənab prezidentin Gürcüstan səfirliyində olması bizim üçün də böyük şərəfdir. Biz diplomatik korpusda keçirəcəyimiz görüşdə prezidentə hazırkı planlar, ölkə hökuməti qarşısında duran vəzifələrin necə yerinə yetirildiyi barədə ikitərəfli münasibətlərin dinamikası və gələcək planlar barədə də məlumat verəcəyik, - səfir deyib.

Cənab Pataradze bildirib ki, bu gün çox maraqlı və mühüm görüşlər planlaşdırılır və sabah səhər saatlarında Azərbaycan hökumətinin nümayəndələri ilə ən yüksək səviyyədə görüşlər başlayacaq. “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüş keçiriləcək, baş nazir və parlamentin sədri ilə görüşlər də nəzərdə tutulub. Gündəlikdə olan bir sıra ikitərəfli məsələlər müzakirə olunacaq. Eləcə də regional təhlükəsizlik məsələləri və təbii ki, mədəni-humanitar istiqamət müzakirə ediləcək. Bundan əlavə, ölkələrimiz arasında gündəlikdə duran mühüm iqtisadi məsələlər danışılacaq. Söhbət bərpa olunan enerji ilə bağlı meqalayihələrdən gedir. O cümlədən tranzit potensialının artırılması, investisiyaların cəlb edilməsi, ticarət dövriyyəsinin artırılması və digər mühüm məqamlar ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldıracaq. Bir çox uğurlu məsələlər və layihələr müzakirə olunacaq. Düşünürəm ki, prezidentin səfəri ölkələr arasında münasibətlərin canlanmasına və möhkəmlənməsinə töhfə verəcək”, - Pataradze bildirib.