Azərbaycan Ordusu əməliyyat şəraitinə nəzarət edir - Polkovnik

18:39 11.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağda, eləcə də sərhəddə müşahidə olunan atəşkəsin pozulması faktı regionda sülhün bərqərar edilməsi və üçtərəfli sazişin yerinə yetirilməsinə qarşı müəyyən xarici qüvvələrin hazırladığı təxribatla bağlıdır.

Bunu hafta.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib:

"Regionda böyük dövlətlərin də maraqları toqquşur və proses xarici ölkələrdəki erməni diasporalarının vasitəsilə həyata keçirilir. Azərbaycan müharibədə qalib gəlib, ərazi bütövlüyünü bərpa edib və bu, dünya dövlətləri tərəfindən tanınıb. Revanşist erməni qüvvələri - keçmiş erməni rəhbərliyinin Köçəryan, Sarkisyan klanı tərəfindən idarə olunur.

Üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri Azərbaycanda ermənilərin çox yaşadığı ərazilərdə yerləşiblər. Həmin sənədin 4-cü bəndi icra olunmayıb. 4-cü bənddə göstərildiyi kimi, erməni silahlıları tərk-silah edilib, ərazidən xaric edilməlidir.

Üzərindən 1 il yarım vaxt keçsə də, bu tələb yerinə yetirilməyib. Separatçı rejim hələ də Qarabağda özünə lazım olan silahlı qüvvələri saxlayır. Sülhməramlıların yerləşdiyi ərazidə mövqe qurub xidmət aparırlar. Əlbəttə, bu qüvvələr tərksilah edilməyənə qədər Azərbaycana təhlükə yaradacaq.
Qarabağda yerləşən separatçı rejimin rəhbəri beynəlxalq axtarışa verilsə də, bu gün də erməni silahlı qüvvələrinə rəhbərlik edir. Əlbəttə, rus sülhməramlı qüvvələri öz vəzifələrini yerinə yetirmədiklərindən, ermənilər bu şəraitdən istifadə edirlər. Separatçılar sülhməramlı qüvvələrlə Azərbaycan dövləti arasında soyuqluq yaratmağa çalışırlar. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişi bağlanmaqla münasibətlər yeni mərhələyə daxil olub. Ermənilər bunu qəbul edə bilmirlər. Ukraynanın bu məsələlərə təsiri yoxdur. Azərbaycan dövləti məsələni ciddi qoymalıdır.

İşğaldan azad olunan o ərazilərdə kənd təsərrüfatı işləri aparılır və orda insanlar üçün təhlükə yarana bilər. Bu məsələ rus sülhməramlıların qarşısında ciddi qoyulacaq. Sülhməramlılar ya 4-cü bəndi yerinə yetirəcək, ya da Azərbaycan öz ərazilərində antiterror əməliyyatı apararaq erməniləri tərksilah etməlidir. Rusiya-Azərbaycan arasında münasibətlərin yüksəldiyi ərəfədə, yəqin ki, dövlətlər bu məsələdə ortaq məxrəcə gələcəklər.

Bəlkə də məhz yaxın zamanlarda biz Rusiya sülhməramlları müvvəqqəti yerləşdiyi ərazilərdən erməniləri tərksilah edilməsinin şahidi olacağıq. Müharibə zamanı ermənilər Azərbaycan Ordusuna qarşı döyüşmək üçün muzdlular gətirmişdilər. O muzdluların indiyə qədər harada olması barədə məlumat yoxdur. Ola bilsin, muzdlu dəstələr sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşıb, öz çirkin əməllərini törətməkdə davam edirlər. Onlar da aşkarlanmalı, tərk-silah edilməlidir. Azərbaycan Ordusu əməliyyat şəraitinə yetərli qədər nəzarət edir”.