“Azərbaycan və Çin bir-birinin maraqlarının qorunmasına önəm verirlər” – Tahir Budaqov

17:45 02.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və Çin Kommunist Partiyası nümayəndə heyy’tinin iştirakı ilə Bakıda "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib.

Hafta.az-ın yazdığına görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Çin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün Azərbaycanla Çin arasında münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycanla Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir”, - deyə T.Budaqov bildirib.

O qeyd edib ki, dünyada yüksək nüfuza malik dövlətlər kimi Azərbaycanla Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqətdə saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. T.Budaqov bildirib ki, ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə birmənalı dəstəyini daim ifadə etməkdədir. Öz növbəsində, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir.

“Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində son dərəcədə maraqlı olduğunu öz əməli fəaliyyəti ilə əyani şəkildə nümayiş etdirməkdədir” deyən T.Budaqov bildirib ki, ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycanla Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcək.

T.Budaqov ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən birinin də partiyalararası əlaqələrin gücləndirilməsi olduğunu deyib.

“Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolu vardır. Son illərdə hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir. Xüsusilə də, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafına təkan verməkdədir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çərçivəsində aktual məsələlərə dair fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli əlaqələrin inkişafında mühüm amil kimi xüsusi əhəmiyyətə malikdir. 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandumun imzalanması isə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Memorandumdan irəli gələrək əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir”, - o deyib.

YAP sədrinin müavini bildirib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafı və işbirliyinin dərinləşdirilməsi ilə əlamətdar deyil, eyni zamanda, Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

“İnkaredilməz həqiqətdir ki, Cənubi Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi boyunca dünya əhalisinin yarıdan çoxunu özündə ehtiva edən Qlobal Cənub ciddi siyasi və iqtisadi resursları cəmləşdirməklə yeni güc mərkəzinə çevrilib. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya, texnoloji innovasiyalar və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir. Bütövlükdə, Qlobal Cənubun yüksəlişi bərabərlik, inklüzivlik və səmərəli əməkdaşlıq prinsiplərinə söykənən ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşması baxımından müstəsna önəm daşıyır” deyən T.Budaqov qeyd edib ki, qlobal problemlərin artdığı şəraitdə milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənubla Qlobal Şimalın konstruktiv işbirliyi məsələsi aktual çağırış kimi qarşımızda dayanır. İstər Azərbaycan, istərsə də Çin çoxqütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər.

T.Budaqov çıxışının sonunda əminliklə bildirib ki, bugünkü konfrans həm ölkələrimiz, həm də iki hakim partiya arasında əməkdaşlığa dair aktual məsələlərin müzakirəsi üçün səmərəli olacaq.