Artıq dünya yeni bir təhlükəli virusla – koronovirusla qarşı-qarşıyadır. Bir neçə ölkədə ölüm halları qeydə alınıb. Azərbaycan da bununla bağlı ehtiyat tədbirlərini genişləndirib.
Bununla belə Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçmişlər. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.
Bu virus ilk dəfə Çində qeydə alınsa da, Yaponiya, Faransa və digər dövlətlərdə də yoluxma baş verib. Bildiyimiz kimi Bakıda Çin restoranları fəaliyyət göstərir. Maraqlıdır bu restoranlara AQTA tərəfindən baxış keçirilibmi?
Sualımıza cavab tapmaq üçün AQTA ilə əlaqə saxladıq. Qurumdan hafta.az-a verilən məlumata görə, bu virusla bağlı ölkəyə daxil olan ətlərə qadağalar, məhdudiyyətlər qoyulub. Ona görə də bütün restoranlarda əsasən ölkəyə aid məhsullar istifadə olunur. Hər hansı belə bir restorana baxış keçirilməyib. Bütün tədbirlər gücləndirilib, nəzarət olunur.