“AzerGold”un təşkilatçılığı ilə Daşkəsəndə səyyar tibbi müayinə aksiyası keçirilib

18:30 07.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

Hafta.az-ın yazdığına görə, Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” şüarı altında təşkil olunan aksiyada Quşçu kəndi ilə yanaşı, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri də ödənişsiz terapevt, kardioloq, pediatr, USM, EKQ, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar.

Müayinə prosesi çərçivəsində xəstəliklərin vaxtında və düzgün təyinatlandırılması və karonavirusla mübarizə məqsədilə sakinlərin maarifləndirilməsi də həyata keçirilib. Tibbi müayinə aksiyasında peşəkar həkim heyəti tərəfindən aparılan müayinələrin səyyar hospital və mobil reanimasiya avtomobilləri vasitəsilə 3 gün müddətində icra edilməsi, təxminən 400 nəfərədək sakinin müayinəsi nəzərdə tutulub. Sosial aksiya Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, yerli əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Xatırladaq ki, 7 aprel 1950-ci ildən etibarən bütün dünyada Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar qeyd edilən bu gündə sağlamlığın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir.