Bakının kabab tüstüsü dərdi – RESTORANLARA NƏZARƏT VARMI?

11:03 06.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Artıq iyulun 1-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib. Toyların başlaması ilə restoran və şadlıq evlərinin mətbəxindən ətrafı bürüyən tüstülərin çıxması bir oldu.

Ötən illərdə vəziyyətə nəzarət bir xeyli gücləndirilsə də, təəssüflər olsun ki, pandemiyanın gəlişi ilə görülən işlər də səngidi. Ardı-arası kəsilməyən tədbirlər tüstü boğucusuz işləyən restoranların ətrafını tüstüyə boğmağa kifayət edir. Xüsusən də günün ikinci yarısı – saat 6-dan sonravəziyyət daha da qabarıqlaşır. Bəs görəsən hazırda buna nəzarət hansı səviyyədədir? Yenidən reydlərin keçirilməsinə zərurət varmı?

Məsələ ilə bağlı hafta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, əhali vəziyyətdən xeyli narazıdır. Bunun nəticəsidir ki, Azad İstehlakçılar Birliyinə son bir həftədə əhalinin narahatçılığı ilə bağlı telefon zəngləri gəlib:

“Toyların başlaması ilə restoran və şadlıq saraylarının mətbəxindən tüstülərin qalxması bir oldu. Hökümət bu məsələdə pandemiyadan öncə uğurlu iş aparırdı. Şadlıq evlərinə tüstü boğucular qoyulur, beləcə problemin qarşısı alınırdı. Lakin pandemiyanın gəlişi ilə bu işlər təəssüflər olsun ki dayandırıldı. Fikrimcə buna yenidən başlanılmalıdır. Vətəndaşlar da gərək elə şadlıq evlərinə müraciət etsinlər ki orada tüstü boğucular olsun. İctimai qınaq belə məqamlarda olduqca mühümdür. Düşünürəm ki, tüstü boğucusu olmayan şadlıq evlərinin fəaliyyətinə icazə verilməməlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindindən verilən məlumata görə, hazırda qurum rəsmiləri tərəfindən məsələ ilə bağlı sözügedən obyektlərin sahiblərinə çağırışlar edilib:

“Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb”.

Qeyd edək ki, 2018-ci ildə məsələ ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir, qanunsuzluğa yol verən obyekt sahibləri cərimələnirdi.