“Bu gün qlobal miqyasda ikili standartlara əsaslanan və dünyada gücün hüquqa qalib gəldiyi elə bir konfiqurasiyada yaşayırıq ki, hakim işləmək həqiqətən çətin məsələdir”.
Hafta.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında yuxarı instansiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı bildirib. Deputat məlum təyinatları birmənalı şəkildə dəstəkləyib.
“Azərbaycan daxilində məhkəmə hakimiyyətinin müstəqilliyi qarşısında heç bir əngəl mövcud deyil. Əksinə, məlumdur ki, Azərbaycan Konstitusiyasının 8-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır və bu gün əminliklə deyə bilərik ki, cənab İlham Əliyev tam mənada məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısına çevrilə bilib”.
Deputat qeyd edib ki, məhkəmə hakimiyyətinin müstəqilliyindən danışan çoxsaylı beynəlxalq təsisatlar Azərbaycan məhkəmə qərarlarına açıq hörmətsizlik etməklə, məhkəmə proseslərini siyasiləşdirməklə qeyri-adekvat bir duruma yol açmağa cəhd edirlər.
“Çünki, bu gün avrostrukturlar və qlobal insan haqları təsisatları üçün qanuna, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanan, öz qəti iradəsi olan hakim yox, Qərbin saxta tezislərinin icraçısına çevirə biləcəyi hakim obrazı maraqlıdır.
Bu gün özünü insan haqları təşkilatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarının yaydığı məlumatlar, o cümlədən xarici qüvvələrin yerli alətlərinə çevrilən antimilli ünsürlərin sosial media üzərindən çağırışları açıq formada Azərbaycan hakiminin iradəsinə təsir etməyə, daha kobud desək, bu iradəni sındırmağa yönəlib.
Bu gün faktiki olaraq Azərbaycan məhkəməsindən bərabərlik hüququndan imtina etmək, siyasi mənsubiyyətinə görə insanlara ayrıcalıq tanımaq, Qərbin marionetlərinə münasibətdə cəzasızlıq mühiti formalaşdırmaq tələb olunur.
Biz heç vaxt Qərb təsisatları, xüsusən qərb məhkəmə təsisatları üçün qapılarımızı bağlamamışıq.
Hələ 22 fevral 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev Fərmanla Hökumətə tapşırıq vermişdi ki, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsünlər.
O cümlədən, Prezident İlham Əliyevin hələ 2006-cı il 19 yanvar tarixli Fərmanı və 28 dekabr 2006-cı il Sərəncamında tövsiyyə edilirdi ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının, o cümlədən Avropa İnsan haqları məhkəməsinin təcrübəsini məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.
Bu mənada hesab edirəm ki, hakimlərimiz cari reallıqları yaxşı dərk etməli, mediada, sosial mediada yazılan, “hesabatlarda” sadalananlara heç bir əhəmiyyət verməməlidirlər”.