Belçikada Respublika Günü münasibətilə tədbirlər keçirilib

10:20 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 27-də Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə səfirliyin, NATO yanında daimi nümayəndəliyin əməkdaşları və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə əvvəlcə səfirlik və Azərbaycanın NATO yanında nümayəndəliyi adından ulu öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub, Ümummilli Liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, yaradılmasının 103-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə tutduğu mühüm yerdən danışıb. Cümhuriyyətin builki ildönümünün xüsusilə fərqləndiyini vurğulayan səfir, bunun da müstəqil Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar olduğunu qeyd edib.

Ulu öndər Heydər Əliyevin vaxtilə işğal altındakı ərazilərimizə qayıdacağımızı müjdələyən sözlərini xatırladan səfir Fuad İsgəndərov, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevinin rəhbərliyi ilə Azərbaycan xalqının bu arzunu gerçəkləşdirdiyini diqqətə çatdırıb.

Səfir, tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib.

Daha sonra Belçika Krallığının Vaterlo şəhərində yerləşən Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsinin önünə güllər qoyulub.