“Buzlağın itirilmiş hər zərrəsi bəşəriyyətin gələcəyinə təhdidləri artıran bir addımdır” - Prezident

10:30 30.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“2023-cü ildə buzlaqların əriməsi nəticəsində itirilən şirin suyun həcmi rekord həddə - 600 giqaton təşkil edib ki, bu da Dünya Okeanının səviyyəsinin qalxmasına səbəb olub”.

Hafta.az-ın yazdığına görə, bunu Tacikistan prezidenti Emoməli Rəhmon bu gün Düşənbədə Buzlaqların Mühafizəsi üzrə birinci Beynəlxalq Yüksək Səviyyəli Konfransın açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, buzlaqların sürətlə əriməsi su ehtiyatlarına, iqlim sabitliyinə, ərzaq təhlükəsizliyinə və davamlı inkişafa təsir edən ən kəskin qlobal problemlərdən birinə çevrilib.

Prezident qeyd edib ki, son onilliklər ərzində dünyadakı dağ buzlaqlarının üçdə biri yoxa çıxıb, o cümlədən, Mərkəzi Asiyadakı buzlaqların 60 faizdən çoxunun cəmləşdiyi Tacikistanda 14 min buzlaqdan 1300-ə yaxını artıq bərpa oluna bilməyəcək şəkildə həcm itirilib.

“Buzlağın hər bir itirilmiş zərrəsi bəşəriyyətin gələcəyinə təhdidlərin artmasına doğru bir addımdır”, - Rəhmon vurğulayıb.

Dövlət başçısı bəşəriyyətin üzləşdiyi bu təhlükələrin qarşısının alınması məqsədilə bir sıra təşəbbüslər irəli sürüb. Bunlar Tacikistanın buzlaqlarını öyrənmək üçün beynəlxalq ekspedisiyanın keçirilməsi, kriosfer tədqiqatları üçün regional laboratoriyanın yaradılması, Buzlaqların Mühafizəsi üzrə Qlobal Strategiyanın həyata keçirilməsi, elmi mübadilənin, o cümlədən peyk məlumatları vasitəsilə inkişafı, BMT yanında yaradılmış Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Fonda dəstəkdən ibarətdir.

Prezident Eomali Rahmon xatırladıb ki, Tacikistanın təşəbbüsü ilə 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli, 21 mart isə Ümumdünya Buzlaqlar Günü elan edilib.

Dövlət başçısı, Düşənbədə keçirilən konfransın kriosferin mühafizəsi üzrə yeni beynəlxalq prosesin başlanğıc nöqtəsinə çevriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, konfransda 80 ölkədən 2500-dən çox nümayəndə iştirak edir.

Bir gün əvvəl konfransqabağı forumlar çərçivəsində ekspertlər buzlaqların sürətlə əriməsi, o cümlədən regionun su ehtiyatlarının 27 faizini itirmək təhlükəsi ilə bağlı həyəcanlı məlumatlar səsləndiriblər.

Dayanıqlı kənd təsərrüfatı, qadın və gənclərin rolu, transsərhəd elmi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.