Canlı varlıqlar “İdeyalar gecəsi”ndə müzakirə olunub

20:45 30.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Fransız Universitetində (UFAZ) “İdeyalar gecəsi” çərçivəsində tədbir keçirilib.

Hafta.az yazır ki, Fransanın ölkəmizdəki səfirliyi, Fransız İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan-Fransız Universiteti tərəfindən təşkil olunan, tanınmış alimlərin, müəllim və tələbə heyətinin qatıldığı tədbir Fransa səfirliyinin Əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Jerom Kel və AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Zöhrə Əliyevanın moderatorluğu ilə baş tutub.

Fransa səfirliyinin birinci müşaviri Dominik Jantiy bildirib ki, bugünki tədbiri keçirməkdə məqsəd Azərbaycan və Fransa tədqiqatçıları arasında əlaqə yaratmaqla dialoqa nail olmaqdır.

“Hazırda iştirak etdiyimiz “İdeyalar gecəsi” hər il keçirilir. Məqsədimiz fransız dilini dünyaya yaymaqdır ki, bu işi yerlərdə Fransız İnstitutları həyata keçirir” deyən cənab Jantiy əlavə edib ki, artıq beş ildir dünyanın 200 şəhərində təşkil olunan “İdeyalar gecəsi” Azərbaycanda da uğurla fərqli dünyagörüşə malik insanları bir araya gətirir.

Çıxışçı bildirib ki, budəfəki tədbirin mövzusu canlı varlıqlara həsr olunub. Çünki son il ərzində baş verən yanğınlar, sel daşqınları, zəlzələ, vulkan püskürməsi, torpaq sürüşmələri, quraqlıq və sair birbaşa iqlim dəyişməsinin nəticəsidir. Bütün bunlar isə canlılar üçün birbaşa təhlükədir.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə isə çıxışına maraqlı əhvalatla başlayıb:

“Bir dəfə Fransa səfiri ilə söhbət edərkən o, dedi ki, ölkəsində “İdeyalar gecəsi” adlı tədbir keçirilir. Həmin andan bu tədbir məni maraqlandırmağa başladı”.

Professor bildirib ki, indiyədək dünyanın canlı və ya cansız olduğunu heç bir alim isbatlaya bilməyib. Buna baxmayaraq insanlar yaşamaq istəyirlərsə, dünyanın canlı olduğunu qəbul etməlidirlər. “İslam və Quranda təbiətə çox mülayim yanaşıldığını görürük” deyən İ.Məmmədzadə əlavə edib ki, canlı varlıqla davamlı inkişaf bir-birini dəstəkləyir.

Fransa Kosmik Tədqiqatlar Agentliyinin tədqiqatçısı Jan Fransua Kreto təbiətə mümkün kənar təsirlərdən söz açaraq deyib ki, təbiətdə bu qaz kütləsi olmasa, həyat da olmaz.

“İstixana qazı olmasa Yer kürəsində temperatur maksimum 17 dərəcə qızar. Bundan başqa, iqlim dəyişməsində su dövranı da mühim rola malikdir. Təsirlər bununla bitmir, məsələn, karbon qazı iqlimin dəyişməsində çox böyük rol oynayır. Nəzərə alaq ki, 1-ci Sənaye İnqilabından üzübəri atmosferə buraxılan istixana qazının həcmi kəskin artıb və bu da 1858-ci ildən 2018-ci ilin sonunadək Yer kürəsində iqlimin 1 dərəcə istiləşməsi deməkdir. Burada əsas rolu isə neft tərkibli yanacaqdan istifadədir. İstixana qazının 86 faizi məhz bu cür yanacaqlardan ayrılır. Çalışıb dünyada meşə sahələrinin ərazisini genişləndirməliyik. Çünki meşə ərazilərinin genişlənməsi Yer kürəsini zərərli tullantılardan daha çox qoruya bilər” deyən cənab Kreto əlavə edib ki, hesablamalara görə, atmosferin zərərli maddələrdən təmizlənməsində meşələrin rolu 44 faizdən artıqdır.  

Cənab Kreto deyib ki, iqlimin istiləşməsi dənizlərdə suyun yüksəlməsinə, çaylarda daşqınların baş verməsinə səbəb olduğu kimi, bir çox bölgələrdə əksinə, yerüstü su hövzələrinin yox olmasına da şərait yaradır. Buna misal olaraq qeyd edib ki, dünyanın ikinci iri gölü sayılan Viktoriya gölü, əgər temperaturun artması indiki sürətlə davam edərsə, 500 il sonra tamamilə quruyacaq.

AMEA Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov “Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti” mövzusunda çıxış edərək deyib ki, dünyanın ən iri gölü olan Xəzər dənizi suyu, sahilləri, dibinin quruluşu, hövzəsində yaşayan canlıları ilə bütövlükdə unikaldır.

“Xəzər dənizinin sahəsi 370 min kvadratkilometr olduğu halda, ora axan çayların sutoplayıcı sahəsi ümumilikdə 3,5 milyon kvadratkilometrdir. Yəni dəniz öz yatağından 8 dəfə böyük ərazinin suyunu özünə çəkir. Hər il dəniz səviyyəsindən 1 metr su buxarlanır, amma itən suyun yerini ora tökülən çaylar doldurur. Bu gün 3,5 milyon kvadratkilometr sutoplayıcı sahədə ortalama 100 milyon insan yaşayır ki, onların yaşamı hansısa formada Xəzərlə əlaqədardır” deyən R.Məmmədov bildirib ki, Xəzər dənizi eyni zamanda, tarixin mühafizəçisidir. Belə ki, dənizin cənub-qərb sahillərini örtən qədim Hirkan meşələrinin yaşı 60 milyon ildən artıqdır. Bu cür meşələrə isə dünyanın cəmi bir neçə yerində rast gəlinir. “Xəzər dənizi həm də sahillərində yaşayan milyonlarla insanı yeməklə - balıq məhsulları ilə təmin edir. II Dünya Müharibəsi zamanı bütün SSRİdə və təbii ki, Azərbaycanda yaşanan sərt aclıq zamanı Xəzər sahillərinin insanları balıq tutub yeməklə dəhşətli dövrü keçə biliblər” deyən R.Məmmədov, sutoplayıcı ərazilərdə yaşayan xalqları nəzərə alaraq, Xəzərin həm də Türk dənizi olduğunu vurğulayıb.

Tədbirin sonunda yerli və xarici tədqiqatçılar tərəfindən “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar”, “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” və digər mövzularda interaktiv müzakirələr aparılıb.