Çinin xarici işlər naziri Vanq Yi, Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi Pekində qeyri-rəsmi görüş keçiriblər.
Hafta.az-ın yazdığına görə, xarici işlər nazirləri Çin-Əfqanıstan-Pakistan üçtərəfli dialoqunun əldə edilmiş nəticələrini müsbət qiymətləndirib və üçtərəfli mexanizmin potensialından daha da istifadə edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın təşviqi məsələlərini dərindən müzakirə ediblər.

Vanq Yinin qeyd etdiyi kimi, görüşü yekunlaşdıran xarici işlər nazirləri üç ölkənin siyasi qarşılıqlı etimadı gücləndirməli, mehriban qonşuluq və dostluq prinsiplərinə möhkəm riayət etməli olduqları barədə razılığa gəliblər.
Çin Əfqanıstan və Pakistanın öz milli şəraitlərinə uyğun inkişaf yollarını izləməkdə, suverenlik, təhlükəsizlik və milli ləyaqətini qorumaqda dəstəkləyir.
Vanq Yi bildirib ki, nazirlər yaxın vaxtlarda Kabildə Çin, Əfqanıstan və Pakistan xarici işlər nazirlərinin 6-cı üçtərəfli dialoqunun keçirilməsi barədə razılaşıblar.
Çin diplomatının vurğuladığı kimi, Əfqanıstan və Pakistan ikitərəfli diplomatik münasibətlərinin səviyyəsini yüksəltmək istəklərini ifadə ediblər və səfirlərin tezliklə qarşılıqlı olaraq təyin edilməsinə dair prinsipial razılığa gəliblər.
Vanq Yi bildirib ki, Çin bu irəliləyişi alqışlayır və Əfqanıstan-Pakistan münasibətlərinin yaxşılaşdırılmasına əlavə töhfələr verməyə hazırdır.
“Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisinin dərinləşdirilməsini müzakirə edən nazirlər Çin-Pakistan İqtisadi Dəhlizinin Əfqanıstana genişlənməsini təşviq etmək, regional infrastruktur əlaqələrinin inkişafını gücləndirmək barədə razılığa gəliblər.
Vanq Yi həmçinin bildirib ki, Çinlə Pakistan Əfqanıstanın yenidən qurulması və inkişafına dəstəklərini, eləcə də ölkənin müstəqil inkişaf potensialının gücləndirilməsinə kömək üçün Əfqanıstanla ticarəti genişləndirmək niyyətlərini bildiriblər.
Üç ölkə terrorizmin bütün formalarına qarşı mübarizə aparmaq, hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq etmək, hər bir tərəfi narahat edən terrorçu qüvvələrlə birgə mübarizə aparmaq, region dövlətlərinin daxili işlərinə kənar müdaxilələrə qarşı ayıq-sayıq qalmaq və bu cür müdaxilənin qarşısını almaq barədə razılığa gəliblər.
Nazirlər həmçinin üç ölkənin inkişafı və yüksəlişi üçün əlverişli xarici mühit yaratmaq üçün regionda sülh və sabitliyin qorunması üçün səy göstərməyə çağırıblar.