Çinin ölkəmizdəki səfiri xanım Lu Mey ictimaiyyətlə tanışlıq xarakterli görüş keçirib. Millət vəkillərinin, diplomatic korpusun və geniş tərkibli ictimaiyyət təmsilçilərinin iştirakı ilə baş tutan görüşdə öncə Azərbaycan və Çinin dövlət himnləri səsləndirildi.
Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən səfir xanım Lu Mey ölkəsi ilə Azərbaycan arasında münasibətlərinin dinamik inkişafından söz açıb. Bildirib ki, xüsusilə də Azərbaycan prezidenti İLham Əliyevin Çinə son məlum səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə təkan verib.
“Azərbaycan prezidenti İlham Əliyevin apreldə Pekinə səfəri zamanı Çin dövlətinin sədri Si Cinpinin iştirakı ilə bir sıra sənədlərin imzalanması ikitərəfli əlaqələrdə yeni tarixi səhifə açır” deyən xanım diplomat xatırladıb ki, ötən ay Azərbaycan prezidenti İlham Əliyev Çinə üçüncü dövlət səfərini həyata keçirib. Çin sədri Si Cinpin və prezident İlham Əliyev iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalayıblar ki, bu da Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açır.

“Səfər zamanı Çinlə Azərbaycan arasında "Bir kəmər, bir yol" təşəbbüsü, "yaşıl inkişaf", rəqəmsal iqtisadiyyat, beynəlxalq mülkiyyət hüquqları, viza rejiminin ləğvi və digər sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanıb", - xanım səfir bildirib.
Diplomat vurğulayıb ki, hazırda iki ölkə arasında yüksək səviyyəli təmaslar mütəmadi olaraq baş verir: "Qarşılıqlı siyasi etimad artır, ticarət və investisiya əməkdaşlığı genişlənir, ikitərəfli ticarətin həcmi yeni göstəricilərə çatır".
Səfir Lu Mey qeyd edib ki, Azərbaycan və Çin "Bir kəmər, bir yol" təşəbbüsünün birgə həyata keçirilməsində, xüsusilə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və “Çin-Avropa Dəmir Yolu Ekspressi” üzrə əməkdaşlıqda böyük uğurlar əldə edib.
"Mən Çinin Azərbaycanda sayca onuncu səfiriyəm. Öz missiyamdan böyük şərəf duyuram və onun üzərimə qoyduğu məsuliyyəti dərindən dərk edirəm" deyən diplomat əlavə edib ki, Bakıda səfir vəzifəsində olduğu müddətdə Çin-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək.
Çıxışdan dərhal sonra prezident İlham Əliyevin ötən ay Çinə etdiyi səfərlə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.