Çin hər zaman ərazi bütövlüyümüzü dəstəkləyib - Rəşad Bayramov

12:17 24.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan-Çin əlaqələri qarşılıqlı faydalılıq və etimad prinsipinə əsaslanır. Hər iki ölkə bir-biri üçün önəmli tərəfdaş rolunda çıxış edir”.

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov bildirib.

Politoloq Azərbaycanla Çin arasında əlaqələrin dərin tarixi köklərinə diqqət çəkib. O, qeyd edib ki, hələ 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsi ilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşıb. Bu əlaqələr sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələri əhatə etməklə inkişaf edib və möhkəmlənib. 

“Bu gün Çinin dünyanın ikinci super iqtisadi güc olması, Azərbaycanın isə Cənubi Qafqazın inkişaf edən lider dövləti olması Çinlə Azərbaycan arasında daha geniş əməkdaşlığın qurulmasını şərtləndirir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ölkə olub. Azərbaycan isə öz növbəsində Tayvanla bağlı Çinin “vahid Çin” prinsipinə dəstəyini ifadə edib. Ona görə də bu gün Azərbaycanla Çin bütün istiqamətlərdə sıx əlaqələrə malikdir”- deyə politoloq qeyd edib.

R.Bayramov bildirib ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi də müsbət dinamika ilə inkişaf edir. Dövlət Sratustika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi  Çinin payına düşür. Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm də Azərbaycanla Çin arasında münasibətlərdə xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsünün uğurla həyata  keçirilməsinə imkan verdiyi üçün Orta Dəhliz sərfəli təhlükəsiz marşruta çevrilib”.

Politoloq Çinlə inkişaf edən əməkdaşlıq sistemində digər vacib məqam kimi  “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığın perspektivləri ilə bağlı qurulan əməkdaşlığa diqqət çəkib.

  “Məlumdur ki, Çin şirkətləri ilə ölkəmizə birbaşa yaşıl enerji sahəsində yatırımlar qoyulması üçün danışıqlar aparılırdı. Dünən artıq ölkə başçısının Çinə səfəri çərçivəsində bu istiqamətdə müvafiq sazişlər bağlandığına da şahidlik etdik. Prezidentin Çinə səfəri çərçivəsində imzalanmış saziş və müqavilələr onu sübut edir ki, bu səfər ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına təkan verəcək”.

R.Bayramov səfər çərçivəsində Prezident İlham Əliyev və Çin lideri Si Cinpinin ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzaladığı birgə bəyanata diqqət çəkib. O, Azərbaycanla Çin arasında vətəndaşların vizadan  qarşılıqlı şəkildə azad edilməsi haqqında sazişi, humanitar mina təmizləməsinə dair əməkdaşlığın möhkımləndirilməsinə dair  anlaşma memarandumunu və digər çoxsaylı sənədləri qeyd edərək, bunu iki dövlət arasında əməkdaşlığın möhkəmləndirilməsinə yaranan yeni imkanlar kimi dəyərləndirib.