“Çin Özbəkistanın əsas ticarət və investisiya tərəfdaşı olaraq qalır” - Səfirliyin müşaviri

10:40 30.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Çin Özbəkistanın əsas ticarət və investisiya tərəfdaşı olaraq qalır”.

Hafta.az-ın yazdığına görə, bunu Özbəkistanın Çindəki səfirliyinin nazir-müşaviri Saidkamol Ağzəmxodcayev bildirib. O deyib ki, iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi və investisiya əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

S.Ağzəmxocayev Pekində Özbəkistanın Çindəki səfirliyi və Çin Sosial Elmlər Akademiyasının (CAS) Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun birgə təşkil etdiyi “Özbəkistan-2030” Strategiyasının təqdimat mərasimində bildirib ki, Çin Özbəkistan iqtisadiyyatının aparıcı investorudur. Son bir neçə ildə Çin investisiyalarının həcmi 5 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 53 milyard dollara çatıb. Təkcə 2024-cü ildə Özbəkistanda 10 milyard dollardan çox, 2025-ci ilin ilk aylarında isə 3 milyard dollardan çox Çin investisiyası mənimsənilib.

O əlavə edib ki, Özbəkistanda Çin kapitalı ilə 3,7 mindən artıq müəssisə fəaliyyət göstərir, onlardan 300-dən çoxu son bir ildə yaradılıb.

“Çinin dövlət idarəçiliyi, cəmiyyətin bütün sahələrində məqsədyönlü islahatlar və davamlı inkişaf sahəsində təcrübəsi xüsusi diqqətəlayiqdir”, - deyə S.Ağzəmxocayev bildirib.

Yada salaq ki, “Özbəkistan-2030” Strategiyası ölkənin davamlı və inklüziv inkişafını təmin etmək məqsədilə hazırlanıb və Özbəkistanın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edir.

Strategiya müxtəlif sahələrdə islahatların aparılması, iqtisadi artım, təhsil, səhiyyə və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi, ekoloji dayanıqlığın təmin edilməsi və dövlət idarəçiliyinin müasirləşdirilməsi kimi məqsədlərə nail olmağı nəzərdə tutur.

Səfirliyin müşaviri qeyd edib ki, Özbəkistan Çinlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında iki ölkə arasında vizasız rejim haqqında saziş imzalanıb və “Çində Özbəkistanın Turizm İli” başlayıb.

“Turizm ili çərçivəsində Çinin müxtəlif şəhərlərində forumlar və Özbəkistanın turizm potensialının təqdimatları keçirilir”, - deyə S.Ağzəmxocayev bildirib.

2025-ci il iyunun 1-dən Çin və Özbəkistan hökumətləri arasında viza tələblərindən qarşılıqlı azadlığa dair Saziş qüvvəyə minəcək. Sənədə əsasən, hər iki ölkənin vətəndaşları 30 gündən çox olmayan müddətə və hər hansı 180 günlük müddət ərzində ümumilikdə 90 gündən çox olmayan müddətə iki ölkənin ərazisinə daxil olarkən, ölkədən çıxdıqda və ya tranzitlə keçərkən viza tələblərindən azaddırlar.

“Şübhəsiz ki, bu, turizm sektorunun inkişafına və turist axınının artmasına töhfə verəcək”, - deyən müşavir qeyd edib ki, rəsmi Daşkənd Özbəkistana gələn çinli turistlərin sayını illik bir milyon nəfərə çatdırmaq niyyətindədir.

Bildirilir ki, hazırda Çin və Özbəkistan aviaşirkətlərinin təyyarələri hər həftə Pekin, Urumçi, Sian, Çenqdu, Hançjou, Daşkənd, Səmərqənd və Fərqanə də daxil olmaqla iki ölkənin doqquz şəhərini birləşdirən marşrutlar üzrə 58 uçuş həyata keçirir.